Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb:
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, son dövrlər Azərbaycan və Ermənistan arasında bütün danışıqlarda sülh sazişi və yaxud sülh mətni üzərində iş getdiyi, müzakirələrin növbəti mərhələsinin baş tutduğu ilə bağlı məlumatlar verilir. Amma sülh istiqamətində bir addımda olsun irəliləyişə nail olunmayıb. Sizcə, bu qeyi-müəyyənlik nə vaxta qədər davam edə bilər?
- Sülh olacaq. Amma ola bilsin ki, bu bizim gözləntilərimizin əksinə olaraq tez həllini tapmasın. Burada sülhə iki formada nail olmaq mümkündür. İlk növbədə nəhayət Ermənistanın Baş naziri Nikol Paşinyan gücünü və imkanlarını ortaya qoyub Rusiyaya qarşı birmənalı mövqe nümayiş etdirib sözdə dediklərini əməldə icra etməlidir. Bu olmasa Azərbaycan Prezidentinin də dediyi kimi: Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Əslində Azərbaycan tərəfi bunun üçün xüsusi bir narahatlıq da keçirmir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Laçın yolunun girişində sərhəd-buraxılış postu qurulub. Zaman etibarı ilə burada digər təsirli addımlar da atılacaq. Sözsüz ki, Azərbaycanın bu adımı II Qarabağ müharibəsindən sonra əldə edilən təsirli nəticələrdən bir idi. Azərbaycana bu qəti addımlarına görə, müxtəlif təzyiqlər olsa da, ölkə başçısının iradəsi hər zaman olduğu kimi yenə də bu məsələlərdə həlledici oldu.
- İndiki halda Qarabağ separatçılarını daha çox fəal olmağa təşviq edənlər kimlərdir?
- Qarabağda yaşayan ermənilərlə bağlı da Azərbaycanın mövqeyi bəllidir. Burada diqqət çəkən məqam Paşinyanın Qarabağ yükündən xilas olmaq cəhdidir. Amma Qarabağda hələ də mövcud olan separatçıların aqressivliyi və Azərbaycana tabe olmamaq kimi israrlı davranışları fonunda məsələlər bir qədər fərqli məcraya yönəlir. Sözsüz ki, separatçıların bu cür davranış sərgiləməsi Rusiyanın onlara verdiyi vədlər və ümidlərlə bağlıdır. Bu birmənalıdır. Çünki Rusiya çalışır ki, ən müxtəlif yollarla Qarabağdakı separatçılar güclənsin.
- Azərbaycan bu məsələlərə qarşı hansı adekvat addımları ata bilər?
- Separatçılar və onlara havadarlıq edənlərin bu davranışları keçərli deyil. Çünki güclü Azərbaycan Ordusu - Xüsusi Təyinatlı Qüvvələrimiz, Komandolarımız bir neçə saat ərzində Qarabağda hələ də qalmış separatçıları, qanunsuz silahlıları tərksilah edə biləcək. Vaşinqton, Brüssel görüşləri və burada danışıqların bir-birini tamamlaması, verilən bəyanatlar, görüşlərin intensivliyi onu deməyə əsas verir ki, bu istiqamətdə irəliyə doğru ciddi addımlar atıla bilər.
- Rusiyanın mümkün sülh prosesinə və məsələnin daha tez yekunlaşmasına münasibəti necədir? Necə düşünürsünüz rəsmi Moskva bu prosesə nə vaxta qədər müqavimət göstərə bilər?
- Sözsüz ki, Moskvanın bu məsələyə münasibəti diqqətdən yayınmır. Məhz Moskvada Azərbaycan-Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə sülh mətni üzərində müəyyən elementləri müzakirə etmək mümkün olub. Eyni zamanda Azərbaycan Prezidenti ilə Rusiya Prezidentinin və Ermənistan baş nazirinin gözlənilən Moskva görüşündə çox şey aydınlaşa bilər. Rusiyanın burada əldə ediləcək sülh sazişinə sona qədər müqavimət göstərəcək gücü yoxdur. Bundan öncə Vaşinqton görüşləri eyni zamanda Brüssel formatında olan danışıqlar, razılaşmalar Rusiyanı xeyli dərəcədə geriyə ata bilib.
- Belə aydın olur ki, sülh müstəvisində əldə ediləcək mümkün nəticəyə məhz Ruisyanın iştirakı ilə nail olmaq mümkün olacaq...
- Rusiya burada görüntü yaradıb mən də bu prosesdə varam və sülh sazişinin bağlanmasında maraqlıyam fikrini, mövqeyini ortaya qoya bilər. Fakt odur ki, bu daha ağlabatan bir yanaşmadır. Rusiya əgər praqmatik düşünə bilirsə məsələyə bu cür yanaşmalıdr. Ona görə də, sülh sazişinin imzalanması vaxtı çox da uzaqda deyil. Əgər qeyri-adi hadisələr baş verməsə və Rusiya daha aqressiv variantlara əl atmasa bu mümkün olacaq. Çünki Ermənistan daxilində Paşinyana qarşı sui-qəsdin olması və onun fiziki cəhətdən aradan götürülməsi kimi hallar olacaqsa sülh prosesi dayanacaq. Ümumilikdə isə Rusiyanın sülh prosesi ilə bağlı aparılan danışıqlara mane olmaq imkanlarının məhdud olması reallığı ortadadır.