Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliyə aparılması ilə bağlı Rusiya və Qərb blokunun öz variantları var. Amma reallıq odur ki, Prezident İlham Əliyev həmişə bu məsələləri Azərbaycanın xeyrinə istiqamətləndirə bilib. Eyni şeyin indi də baş verəcəyi şübhəsizdir. Fakt odur ki, Azərbaycan Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsi qurdu və bunu dünyaya qəbul etdirdi. Ermənistanın özü belə bu reallığı qəbul edib.
Bunu Teleqraf.com-a politoloq Fərhad Mehdiyev deyib.
Onun fikrincə, Brüssel görüşündən sonra Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü bir daha tanımasını bəyan etməsi əslində keçmiş Dağlıq Qarabağdan imtina kimi daşa düşülür:
“Təbii ki, məsələlərin bundan sonrakı inkişafı da diqqətdən yayına bilməz. Bununla yanaşı görünən odur ki, Ermənistan sərt addımlarla Rusiyadan uzaqlaşır. Belə olan halda Paşinyanın bu siyasətinə qarşı Rusiyanın edə biləcəyi məsələ qalmayacaq”.
Politoloq hesab edir ki, Rusiya tədricən ortaya qoyduğu həll planından imtina edəcək:
“Sözsüz ki, bu da Azərbaycanın xeyrinə bir geri çəkilmə prosesi olacaq. Çünki indi Rusiya elə bir mövqedədir ki, Ukrayna müharibəsinə görə onun özünün dəstəyə ehtiyacı var. Bu reallıqdır”.