Prezident İlham Əliyevin Moskva səfəri iki məqsəd daşıyırdı. İlk növbədə ölkəmizin başçısı dəvət edildiyi Avrasiya İqtisadi Birliyinin toplantısında da qonaq qismində iştirak etmiş oldu. İkincisi isə Ermənistanın baş naziri ilə danışıqlar davam etdirildi. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü deyil. Amma buna baxmayaraq bu təşkilatda Ermənistandan başqa digər üzv dövlətlərlə ölkəmizin çox sıx iqtisadi əlaqələri mövcuddur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə mövcud əlaqələri genişləndirmək üçün kifayət qədər potensialı var:
“Həmçinin Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, onunla da iqtisadi əlaqələrin bərpası və qarşılıqlı maraq doğuran layihələrin həyata keçirmək tamamilə mümkün olan bir məsələdir. Azərbaycan Prezidenti sammitdə iştirak etməklə eyni zamanda bunu Ermənistana mesaj kimi bildirmiş oldu. Prinsip etibarı ilə Azərbaycan bu gün dünyanın istənilən ölkəsi üçün maraq doğuran tərəfdaşdır. Bu layihələr həmişə Azərbaycanla yanaşı digər ölkələrin də istisadiyyatına əhəmiyyətli dərəcədə kömək edir”.
Millət vəkili hesab edir ki, Ermənistanın baş naziri ilə aparılan danışıqlar isə növbəti bir mərhələ idi:
“Bundan əvvəl xarici işlər nazirləri Vaşinqtonda, Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Brüsseldə danışıqları baş tutmuşdu. Ermənistan tərəfi vaxtaşırı olaraq danışıqlarda maraqlı olduğunu bildirib. Hətta Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri daxilində tanımağa hazır olduğunu da elan etmişdi. Sözsüz ki, elan etmək, bunu reallıqda qəbul etmək tamam başqa anlayışlardır. Ona görə də, danışıqlarda Azərbaycan Ermənistan tərəfdən bu reallığı beynəlxalq hüquqa uyğun olaraq qəbul etməsini gözləyir”.
Aydın Mirzəzadə bildirib ki, Ermənistan tərəfi ilə danışıqlarda yayılan məlumata görə, nəqliyyat əlaqələrinin bərpası müzakirə edilib:
“Burada ancaq texniki məsələlərin həlli qalıb. Gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində bu görüşlərin keçirilməsi, danışıqları bir qədər də irəlilədə bilər. Prinsip etibarı ilə əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyi götürərsə əlaqələri artıq yeni bir mərhələyə qaldırmaq və normal qonşuluq münasibətləri qurmaq olar. Azərbaycan buna hazırdır. Ermənistana isə sözdən işə keçmək qalır”.