Azərbaycan bütün platformalarda müzakirələri məqbul hesab edir. Bu platformalarda ölkəmiz öz haqlı mövqeyini inamla müdafiə edir. Prezident İlham Əliyev Azərbaycanın mövqelərini dəqiqliklə arqumentləşdirir. Təbii ki, bu, ölkəmizin haqlı mövqelərinin yaratmış olduğu reallıqların qəbul etdirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, Moskvada Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan növbəti görüş bütün çətinliklərə baxmayaraq irəliyə doğru addımlar atılmış addım hesab olunur:
“Bu çətinliklər texniki xarakter daşıyır. Burada Rusiyanın mövqeyi regionda kommunikasiyaların açılmasıdır. Kommunikasiyaların açılmasının qarşısını alan tərəf isə Ermənistandır. Bu baxımdan Rusiya prezidentinin kommunikasiya xətlərinin açılmasına xüsusi vurğu etməsi Ermənistana verilən bir mesajdır. Bu görüşün nəticəsi olaraq bir həftə sonra üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində görüşlərin keçirilməsi təklif edildi. Burada kommunikasiya xəttlərinin açılması ilə bağlı məsələlərin müzakirəsinə dair razılıq əldə edilib”.
Deputat bildirib ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində Azərbaycan Prezidentinin iradəsi ilə ölkəmizin Qərb rayonlarını Naxçıvanla birləşdirən kommunikasiyanı təmin edən nəqliyyat əlaqəsinin yaradılması məsələsi öz əksini tapıb:
“Kommunikasiyaların açılması bir bəyanatın şərtlərinə uyğun addımların atılmasını nəzərdə tutur. Bu da Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması baxımından çox vacibdir”.