Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ötür. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bildirən mesajdır. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Şuşa Bəyannaməsinin 15 İyun Milli Qurtuluş Günündə imzalanması xüsusi rəmzi məna daşıyır: “15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olduğu və yeni bir dövr başlanğıcıdır. 2021-ci ilin 15 İyununda Türkiyə-Azərbaycan münasibətləri keyfiyyətcə yeni bir müstəviyə yüksəlib. Artıq Azərbaycan xalqı 15 İyunda iki bayramı birlikdə qeyd edir. Sözsüz ki, Bəyannamə böyük bir tarixə əsaslanır. Burada xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması böyük öndərlərin yanaşma və fəlsəfəsinin əbədiləşməsinin təcəssümüdür. Dostluq və qardaşlıq simvolu olan Şuşa Bəyannaməsi, həmçinin, çoxşaxəli müttəfiqliyin də rəmzidir”.
Millət vəkili hesab edir ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir:
“Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsinin göstəricisidir”.
Deputat bildirib ki, hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur:
“Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Əlbəttə, burada Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etməliyik. Şübhəsiz ki, Zəngəzur dəhlizi dünya və xüsusilə də, region üçün böyük geosiyasi önəm daşıyır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Bu baxımdan Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsi hesab edilir”.
Tamam Cəfərova vurğulayıb ki, tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin siyasi, diplomatik və iqtisadi uğurudur: “Bu gün əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin fonunda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”.