“Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artır. Bu gün ölkələrimiz arasında olan müttəfiqlik münasibətlərindən irəli gələn məqamlar hər iki dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, nüfuzlarının artmasına xidmət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də Azərbaycana səfəri bu birliyin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Keçirilən görüşlərdən sonra bəyanatla çıxış edən Azərbaycan və Türkiyə Prezidentləri qardaş ölkədə bu yaxınlarda keçirilmiş prezident seçkilərindən sonra yeni imkanların açıldığını vurğuladılar. Öz çıxışında Prezident İlham Əliyev iki il bundan öncə imzalanmış Şuşa Bəyannaməsinin tarixi anlaşma olduğunu qeyd etdi. Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Məhz bu Bəyannamənin imzalanması ilə tarixən dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycan artıq həm də strateji müttəfiqlərə çevrildilər. Bu müttəfiqliyin ən önəmli tərəfi də sözsüz ki, hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra həm iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, həm də müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində yanaşı addımlayacaqlar”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Azərbaycan-Türkiyə münasibətlərinin xüsusilə enerji və nəqliyyat-logistika sahələrində sürətlə inkişaf etdiyini vurğulayıb: “Məlumdur ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır. Türkiyə ərazisindən Avropa ölkələrinə ixrac edilən Azərbaycan təbii qazının da həcmi artmaqdadır. Lakin dövlət başçımızın dediyi kimi, hazırda ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Azərbaycanın nəhəng bərpa olunan enerji ehtiyatları bu perspektivləri daha da genişləndirir. Logistika sahəsində əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Müasir dünyada Avrasiya məkanında formalaşmış geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat layihələri hazırda bütün Avrasiya məkanı ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Azərbaycan və Türkiyə bu istiqamətdə birgə səylərini daha da artıracaqlar.”
K.Qafarov Türkiyə-Azərbaycan birgə universitetinin yaradılmasına dair açıqlamanın önəmini qeyd edərək deyib: “Dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlı oldu. Qeyd olundu ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Universitetin yaradılması ilə azərbaycanlı gənclərin Türkiyəyə rahatlıqla gedə bildikləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Əlbəttə ki, bu layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir önəmli töhfə verəcək. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ideyası ilə bu günə qədər birgə addımlayan ölkələrimiz, bundan sonra da bu yolla inamlı şəkildə parlaq gələcəyə doğru çiyin-çiyinə hərəkət edəcəklər”.