Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki tarixi qələbəsindən sonra ənənəvi olaraq, ölkəmizə dövlət səfərinə gəlməsi iki ölkə arasında möcud münasibətlərin uğurla inkişaf etdiyini və bu dostluğun əbədi, sarsılmaz olduğunun dünyaya növbəti dəfə nümayişi oldu. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, üfüqlər açılıb. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. R.T.Ərdoğann tarixi səfəri ölkələrimiz arasında mövcud olan qardaşlığın və strateji tərəfdaşlığın Türkiyə yüz ilində də sürətlə inkişaf edəcəyinin, Azərbaycan və Türkiyənin birgə gələcəyə addımlayacağının mesajını verdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı- regionda sabitlik, inkişaf və təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir: “Həmçinin, Türkiyə prezidentinin Şimali Kiprdən sonra ilk dövlət səfərinə Azərbaycandan başlaması həm də Azərbaycan və Türkiyəyə qərəzli mövqedə dayanan dövlətlər üçün də bir mesajdır. Bu səfər onu göstərir ki, Azərbaycan və Türkiyə qardaşlığı əbədidir və iki ölkə bütün strateji məsələlərdə bir-birinin dövlət maraqlarını müdafiə edir. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Necə ki, İkinci Qarabağ müharibəsində Türkiyə dövlət və millət olaraq, Azərbaycana siyasi-mənəvi dəstəyini sona qədər nümayiş etdirdi və Azərbaycanın tək olmadığını dünyaya bəyan etdi. Eyni qaydada, Azərbaycan da qardaş dövlətin ən çətin günlərində - istər meşə yanğınlarında, istər də “əsrin faciəsi” sayılan zəlzələdə Türkiyənin sona qədər yanında oldu, mümkün olan bütün formalarda dəstək nümayiş etdirdi. Hazırda dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də Azərbaycan öz töhfəsini verməyə davam edir. Belə ki, Azərbaycan Kahramanmaraş bölgəsində 1000 binanın tikintisini öz üzərinə götürüb. Bu misilsiz addım qardaşlığımızın növbəti dəfə əyani sübutudur”.
Millət vəkili Şuşa Bəyannaməsinin iki qardaş dövlətin strateji müttəfiqliyi baxımından tarixi əhəmiyyətinə toxunub: “Dünyada baş verən çətin və mürəkkəb proseslər fonunda Şuşa Bəyannaməsinin önəmi zaman keçdikcə daha qabarıq görünür. Şuşa Bəyannaməsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlığı strateji mütəffiqlik səviyyəsinə qaldırıb və bu mütəffiqliyin bütün sahələr üzrə perspektivlərini ortaya qoyub”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev mətbuata bəyanatında Türkiyə və Azərbaycan arasında əməkdaşlığın bütün sahələr üzrə konkret proqramlar əsasında inkişaf etdiyini bildirib: “Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasətdə vahid mövqedən çıxış edəcək. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili olduqca önəmlidir. Bu gün dünyada güc amilinin nə qədər önəmli olduğu göz qabağındadır. Otuz il ərzində hər birimiz beynəlxalq hüququn işləmədiyinin, güc amilinin ön plana çıxıdığının şahidi olduq. İki qardaş dövlətin müttəfiqliyi, regionda güc mərkəzinə çevrilməsi beynəlxalq hüququn, ədalətin, sabitlik və tərəqqinin regionda daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Buna görə də Türkiyə və Azərbaycanın birliyi dünyada qibtə ilə izlənir”.
Tamam Cəfərova iki qardaş dövlət arasında enerji sahəsində əməkdaşlığın Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətindən bəhs edib: “Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində işlər təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. R.T.Ərdoğanın çıxışında verdiyi önəmli mesajları da xüsusilə vurğulanıb. Qardaş ölkənin Prezidenti çıxışında bir çox mühüm məqamlara toxunub.Xüsusilə Şuşada Türkiyə baş konsulluğunun açılması məsələsini diqqətə çatdırıb. Şübhəsiz ki, Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır. Buradan aydın görünür ki, Şuşa Bəyannaməsinin müddəaları bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Hər bir azərbaycanlının bu qardaşlığın əbədi olacağına inamı tamdır”.