Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Teleqraf.com xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub:
"Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir".
Hərbi Prokurorluğun rəsmisi bildirib ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
"Allahdan hərbçimizə şəfa arzulayırıq",- Firad Əliyev deyib.