Erməni təxribatına qarşı mübarizə heç də bir gün olmamalıdır. Bu proses ard-arda həyata keçirilməlidir. Azərbaycan Ordusu sözsüz ki, bu işin də öhdəsindən layiqincə gəlir və bundan sonra da gələcək. Təbii ki, Azərbaycan addım-addım Qarabağda və ətraf bölgələrdə öz mövqeyini möhkəmləndirir. Bunun üçün dövlətimizin kifayət qədər potensialı var.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun fikrincə, Qarabağda yaşayan ermənilər də birdəfəlik anlamalıdır ki, onlar üçün çıxış yolu heç də terror deyil:
“Əslində onlar üçün yeganə çıxış yolu Azərbaycana inteqrasiyadır. Çünki çıxış yolu ancaq bununla mümkündür. Amma qarşı tərəf bunu anlamasa itgilər verib, böyük sıxıntılar yaşayacaq”.
Partiya sədrinə görə, Azərbaycan öz daxilində suveren ərazisində istənilən addımı atmaqda haqlıdır:
“Kənardan da kimsə Azərbaycana bu istiqamətdə heç bir təzyiq göstərə bilməz. Çünki Azərbaycan sülh, barış üçün zəruri olan bütün addımları atıb. Ona görə də, bunun başqa izahı ola bilməz”.