3 İyul 2023 17:05
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi-Kərkicahan yolu istiqamətində rus sülhməramlılarının müşayəti ilə qanunsuz erməni silahlılarının hərbi kalonlarının hərəkəti heç bir məntiqə sığışmır. Əslində, Azərbaycanın ərazini tam nəzarət altına almasından və giriş-çıxışı bloklamasından sonra bura hərbi yüklərin daşınması mümkün deyil. Ona görə də, hazırda hərəkətdə olan və son olaraq da görüntüləri qeyd edilmiş hərbi kalonlar Qarabağ daxilində separatçıların mövqelərini gücləndimrək məqsədi ilə etdiyi yerdəyişmədir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, ərazi Azərbaycan tərəfindən tam nəzarətdə olsa da rus sülhməramlıları separatçılara lazımi köməkliyi göstərir:

“Sadəcə olaraq Azərbaycan tərəfi orada hansı dəyişikliklərin olmasını müşahidə altında saxlayır. Burada sülhməramlıların davranışı daha çox diqqəti cəlb edir. Çünki onların bu davranışı ilə separatçılar öz mövqelərini möhkəmləndirmiş olur”.

Polkovnik hesab edir ki, bundan sonra baş verəcək real toqquşmalar zamanı separatçıların hansısa məqsədlərə çatması üçün bu kimi addımlar atılır:

“Sonuncu görüntü də həmin yerdəyişmələrdən olan bir kalonun hərəkətidir. Görünən isə odur ki, rus sülhməramlıları burada öz missiyasını tamamilə unudub çirkin əməllərlə məşğuldur”.

Üzeyir Cəfərəvoa görə, rus sülhməramlılarına edilən xəbərdarlıqlara baxmayaraq onlar bu əməllərdən çəkinmir:

“Amma proseslər bu şəkildə davam etsə, Azərbaycanın konkret addım atmaq üçün başqa çıxış yolu qalmayacaq. Artıq bu ərazilərdə Azərbaycanın antiterror əməliyyatları icrasına başlaması an məsələsidir. Hər şey ona doğru gedir. Bir az tez, ya da gec bu addım atılmasa vəziyyət düzəlməyəcək. Baş separatçı Araik Arutunyanın, Ruben Vardanyanın açıqlamaları ona deməyə əsas verir ki, Azərbaycan növbəti dəfə güc amilindən istifadə edərək terrorçulara və onlara havadarlıq edənlərə lazımi dərs verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər