Bu gün Azərbaycan polisinin yaranmasından 105 il ötür. 2 iyul 1918-ci il tarixində müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktı imzalanıb. Azərbaycan polisi tarixin ən çətin dövrlərində hər zaman olduqca mühüm missiyaları üzərinə götürüb. Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq tarixinə və eləcə də müasir tariximizə nəzər saldıqda bunu açıq görə bilərik.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir:
“Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməyib. Ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı. Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirib: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67-i nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Millət vəkili hesab edir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar müstəqil Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırıb:
“Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları ölkədə tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlanıldı. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir, zənginləşdirilir: “Bu, hüquq- mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır. Bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir. Dünyanı bürüyən koronovirus pandemiyası dövründə də Azərbaycan polisi ictimai asayişin təmin olunmasında, eləcə də vətəndaşların sağlamlığının qorunması, humanitar yardımların çatdırılması istiqamətində missiyalarını uğurla yerinə yetirib, öz həyatlarını təhlükəyə atmaqdan çəkinməyib. Eyni zamanda II Qarabağ müharibəsi zamanı da Daxili Qoşunların əməkdaşlarından 66 nəfər şəhid olmuş, 346 nəfər hərbi qulluqçusu yaralanıb. 1690 nəfər isə ölkə başçısının sərəncamları ilə orden və medallarla təltif olunub, 4 nəfər Milli Qəhrəman adına layiq görülüb”.
Tamam Cəfərova vurğulayıb ki, bu gün də işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin əməkdaşları ön sıralarda xidmətlərini davam etdirir:
“Həm də ölkədə cinayətkarlığa qarşı mübarizənin aparılması və ictimai-siyasi asayişin təmin edilməsində polis əməkdaşları fədakarcasına fəaliyyət göstərir. Prezident İlham Əliyev daxili işlər orqanlarının əməkdaşlarının maddi təminatının yaxşılaşdırılmasını, məişət məsələlərinin həll olunmasını, sağlamlıqlarının qorunmasını daim diqqətdə saxlayır. Bu mənada Daxili İşlər orqanlarında xidmətin müasir tələblərə uyğun səviyyədə aparılması üçün texniki vasitələr və avadanlıqlarla təminat ən yüksək səviyyədə həyata keçirilir. Polis əməkdaşlarının peşəkarlığı və yüksək səviyyəli maddi-texniki təminatı sayəsində qlobal hesabatda kriminal indeks göstəricisinə görə dünya ölkələri arasında Azərbaycan 110-cu yerdədir. Azərbaycan polisi peşəkarlığına görə dünya ölkələri arasında seçilir.
Peşə bayramları münasibəti ilə bütün polis əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan polisi xalqımızın və dövlətimizin ona olan etimadığını doğruldacaq, millətimizə ləyaqətlə xidmət edəcək”.