26 İyul 2023 18:08
2 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Yeganə xanım, Vaşinqton görüşündən sonra Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutdu. Fərqli yanaşmalar, gözləntilər var idi. Nəticələri necə şərh edərdiniz?

- Artıq bir il idi ki, Moskva görüşlərindən heç bir nəticə əldə edilmirdi. Bu da digər formatlardakı nəticələrin fonunda gedirdi. Müharibədən keçən 2 il 9 ay ərzində tərəflər arasında iki siyasi qərar qəbul edilib. Bu da Avropa Birliyinin moderatorluğu ilə baş tutub. Üçtərəfli razılaşmada isə rayonların azad edilməsi və sair məsələlər həll edilmişdi. Amma bundan sonra Rusiyanın iştirakı ilə baş tutan görüşlərin heç birində gözlə görünən bir nəticə yox idi. ABŞ-da, Avropa Birliyində isə bunun əksinə olaraq gözlə görünə biləcək razılaşmaların əldə edilməsi təmin edilib. Ona görə də, Rusiya faktiki olaraq özünün təşəbbüsü ilə reallaşan formatın faydalı olmasını sübut etməli idi. Çünki Azərbaycan və beynəlxalq tərəfdaşların hamısının iradına qarşı Rusiya ortaya hər hansı bir nəticə qoymağa cəhd etdi.

- Azərbaycan-Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində sərhədlərin dəqiqləşməsi ilə baş tutan görüşün nəticələri haqqında hansı fikirlər var?

- Bir neçə gün öncə Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələlərinin müzakirəsi üçün üçtərəfli formatda baş nazirlərin müavinləri səviyyəsində formalaşmış işçi qrupu Qazax rayonu istiqamətində görüş keçirib. Baş nazirlərin müavinləri burada müzakirə apardı. Eyni zamanda burada müəyyən nəticələrin ola biləcəyi ilə bağlı mesajlar verildi. Amma bu, sadəcə olaraq bir görüş oldu. Ola bilsin ki, burada hansısa bir texniki məsələlər ətrafında razılaşmalar əldə edilib. Sadəcə olaraq nəticə odur ki, yenə də prinsipial məsələlərdə razılaşma olmadı.

- Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasına Rusiyanın reaksiyası nədən ibarətdir?

- Burada proseslərin qurulmasından daha çox pozulmasına doğru Moskvanın aktivliyi var. Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatına olan reaksiyasını diqqətdən qaçırmaq olmaz. Çünki Rusiya XİN iddia edirdi ki, bu fikir guya üçtərəfli razılaşmaya uyğun gəlmir. Moskva bu kimi açıqlamaların rus sülhməramlılarının aqibətini sual altına aldığını iddia edir. Bu, əslində absurd yanaşmadır. Amma bütün bunların fonunda Rusiya digər formatlardan geri qalmamaq şərti ilə təşəbbüslərlə çıxış edir. Rusiyanın əksinə olaraq ABŞ-da sülh danışıqları üzrə aparılan müzakirələrdə onun qaralama versiyası üzərində iş gedirdi. Məhz belə bir mərhələdə Rusiya üçtərəfli görüş istəyi ilə çıxış edib. Hətta bundan öncəki görüşdən Ermənistanın özü imtina etmişdi. Faktiki olaraq Rusiya guya özünün də bu məsələdə iş apardığı görüntüsünü yaratmağa cəhd edir.

- Moskvada görüşlərində ciddi nəticələrin olmamasına səbəb nədir?

- Rusiya iki ölkə arasındakı münasibətlərin tənzimlənməsini öz nəzarətində saxlamaq istəyir. Ona görə də, burada Moskva özünü vəziyyətdən xəbərsiz kimi aparır. Bunun fonunda görüş öncəsi guya iki ölkə paralamentləri arasında əlaqələrin formalaşması ilə bağlı səslənən fikirlər də tamamilə absurdudur. Çünki ortada sülh sazişi yoxdur. Sülh sazişi hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməyibsə, burada deputatların hansı əlaqələrdən danışacağı suallar yaradır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər