25 İyul 2023 22:06
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbyacanla Çin Xalq Respublikası arasında əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Çinin “China Global Television Network” televiziya kanalına müsahibəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynadığını xatırladıb. Ulu Öndər Heydər Əliyevin Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. Dövlət başçısının dediyi kimi, bu gün iki dövlət arasında əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, ölkələr arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev eyni zamanda, Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında ölkəmizin də olduğunu xatırladıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.

Millət vəkilinin sözlərinə görə, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi: “İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin”.

Sevinc Fətəliyeva qeyd edib ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması bu layihənin əhəmiyyətini daha da artıracaq. Sözügedən müsahibədə dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb”.

“Müsahibədə cənab Prezident Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, ölkəmizdə tolerantlıq mühiti və s. məsələlərlə bağlı fikirlərini bildirib. Dövlətimizin başçısı Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəklədiyini də bir daha bəyan edib”,-deyə deputat vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər