"Laçın yolu Azərbaycanın suveren ərazisidir. Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açılır, dövlət bayrağımıza qarşı təxribat törədilərək, Laçın yolundan sui-istifadə halları davam etdirilir. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar Laçın yolundan erməni sakinlərinin istifadəsi üçün şərait yaradılıb. Daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadəsi təklif olunub".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov deyib.
Əmiraslanovun sözlərinə görə, Ermənistan tərəfi isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə edir, növbəti “şou” yaratmaqla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə çalışır:
"Bununla əlaqədar olaraq Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri də xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. Müraciətdə də qeyd olunduğu kimi “Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə son dövrdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir. Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Bildirilir ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya etməsinin qarşısını almaq və ya bu prosesi mümkün qədər uzatmaqdır...”
Komitə sədri qeyd edib ki, Avropa İttifaqının bayrağını əks etdirən “Jiletka”lar geyinməklə əllərini ciblərinə salıb yüksəklikdən “erməni şousu”nu seyr etməkdənsə beynəlxalq ictimaiyyət də məsuliyyətli yanaşma nümayiş etdirməli, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etməlidir:
"Yaxud elə o yüksəklikdən Zəngəzur dəhlizi də görsənir. Bir o tərəfə də baxsınlar... Zəngəzur dəhlizinin açılması Azərbaycanın xarici siyasətində prioritet istiqamətidir. Prezident bu yaxınlarda Şuşada keçirilən Qlobal Media Forumunda da Zəngəzur dəhlizindən söz açaraq, yeni mesajlar verib. "Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq" deyib cənab Prezident. Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyəti olduqca böyükdür. Bundan regionun bütün ölkələri yararlanmaq imkanlarına malik olacaq. Elə cənab Prezidentin apardığı uğurlu xarici siysətinin əsas istiqaməti də dünya ölkələri ilə konstruktiv əlaqələr formalaşdırıb, qarşılıqlı əməkdaşlıqla birgə inkişaf etməkdir. Azərbaycan dövləti sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğunu, beynəlxalq hüquq norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edir. Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin edilməsi qəbuledilməzdir".