Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan Azərbaycana qarşı məhkəmə işi Ermənistan tərəfindən irəli sürülmüş tələbin rədd olunması ilə bağlı 6 iyul tarixli qərarı ilə əlaqədar 21 iyul 2023-cü il tarixində BMT baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Məktubda, Ermənistanın tələbinin rədd olunması ilə bağlı yekdilliklə qəbul olunmuş bu qərarın bir daha Azərbaycanın öz ərazisində sərhəd keçid məntəqəsi təsis etməsinin onun suveren hüququ olduğunu təsdiqlədiyi diqqətə çatdırılıb. Ermənistanın Laçın yolundan hərbi məqsədlər, ölkəmizin təbii ehtiyatlarının daşınması, o cümlədən mina təhdidini davam etdirmək üçün sui-istifadəsinin qarşısını almaq məqsədilə, 23 aprel 2023-cü il tarixində Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsini təsis etdiyi qeyd olunub. 15 iyun 2023-cü il tarixində Ermənistan tərəfindən törədilmiş təxribata qədər bu sərhəd keçid məntəqəsi vasitəsilə 2000-dən artıq erməni əsilli sakinin təhlükəsiz, şəffaf keçidinin təmin olunduğu bildirilib.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin görülməsinin Ermənistan tərəfindən “blokada” kimi qiymətləndirilməsinin əsassız olduğu diqqətə çatdırılıb.
Azərbaycanın sərhəd keçid məntəqəsindən buraxılışla tənzimlənməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistan tərəfindən eyni təxribatın yenidən törədilməyəcəyi ilə bağlı zəmanət verilmədiyindən, hazırda Laçın yolundan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə tibbi məqsədlər üçün istifadə olunduğu bildirilib.
Lakin erməni əsilli sakinlərin daha çox məhsulla təchiz olunması üçün tərəfimizdən Ağdam-Xankəndi yolundan istifadənin təklif edildiyi, Ermənistan tərəfindən isə bu təklifə etiraz olunduğu məktubda diqqətə çatdırılıb.
Laçın yolundan istifadəyə məhdudiyyət törədən, habelə Ağdam-Xankəndi yolu ilə erməni sakinlərin təlabatlarının ödənilməsi təklifinə etiraz edən tərəfin Ermənistan olmasına baxmayaraq, Ermənistanın “Azərbaycan tərəfindən erməni sakinlərin blokadaya alınması” istiqamətində cəfəng iddialarla beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə davam etdiyi qeyd olunub.
Məktubun sonunda, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə sadiq olduğu, bu xüsusda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın da dayanıqlı sülhün əldə edilməsi səylərində konstruktiv yanaşma nümayiş etdirməyə çağırılmasının vacibliyi vurğulanıb.