Erməni tərəfinin son təxribatları sözsüz ki, sülh prosesinə zərbə vurur. Amma qarşı tərəf bu təxribatlarla heç nəyə nail ola bilməyəcək. II Qarabağ müharibəsində Ermənistan ağır məğlubiyyətə uğrayıb. Hətta Ermənistanın müttəfiqi Rusiya belə ondan üz çevirib. Belə olan halda erməni tərəfinin heç bir gücü yoxdur ki, öz qanunsuz iddialarını həyata keçirsin.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan addım-addım öz hədəflərinə çatır:
“Azərbaycan tərəfi tələblərini irəli sürür, danışıqlar aparır. Ermənistan isə çarəsizlikdən ora-bura üz tutur. Onun BMT Təhülkəsizlik Şurasındakı uğursuzluğu də bu qəbildən idi. Azərbaycanın ərazisinə qanunsuz olaraq "humanitar yardım" konvoyu göndərmək istəkləri də baş tutmadı. Nicat yolu kimi baxdıqları rus sülhməramlılarına belə ermənilər indi nifrət edir”.
Politoloq hesab edir ki, sülhməramlıların bölgədə uzun müddət qalması mümkün deyil:
“Əslində rus ordusunun Azərbaycan, Gürcüstan və Ermənistanda mövcudluğu münaqişələr, separatizm meyillərinin alovlanmasına xidmət edir. Amma burada Azərbaycanla bağlı məsələ tamam fərqlidir. Azərbaycan rus sülhməramlılarını bölgədən uzaqlaşdırmaq üçün mühüm səylər göstərir. Qarabağda yaşayan erməni sakinlərlə Azərbaycan hakimiyyəti arasında dialoqun olması da labüddur. Artıq il yarım vaxt qalıb. 2025-ci ilin mayına kimi bu məsələlər həll edilməlidir”.
Zərdüşt Əlizadəyə görə, Ermənistan BMT-dən istədiyini ala bilmirsə, Beynəlxalq İdman, Şahmat, Qılıncoynatma, Güləş, Badminton federasiyalarına müraciət edə bilər:
“Ən yüksək ali qurum olan BMT Təhlükəsizlik Şurasında ermənilərə dedilər ki, gedin özünüzə başqa yerdə çarə axtarın. Məsləhət oldu ki, ermənilər gedib Azərbaycanla dil tapsın. Çünki heç kim gəlib burada Azərbaycanla müharibə aparıb ermənilərinn qanunsuz istəkləri uğrunda ölməyəcək”.