Fransanın davranışları hamıya bəllidir. Onun BMT-də nəsə əldə edəcəyi də mümkün deyil. Sadəcə olaraq Fransa hakimiyyəti ermənilərə yaxın, həmrəy olduğunu göstərmək istəyir. Burada ayrı bir məna yoxdur. Çünki Fransanın BMT-dən Azərbaycana qarşı hansısa bir qətnaməni əldə etməsi qeyri-mümkündür.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O qeyd edib ki, qətnamə olsa belə onun icra mexanizmi işləməyəcək:
“Çünki heç kəs istəməz ki, hansısa ölkənin suveren hüquqlarına BMT müdaxilə etsin. Bu qətnaməyə səs verəcək ölkələr onlara qarşı da belə bir addım atılacağı ehtimalını dəyərləndirir. Ona görə də, Fransanın bu davranışları erməni radikallarına ismarışdan başqa bir şey deyil”.
Sabiq nazir Ermənistanın müstəqillik aktı ilə bağlı Nikol Paşinyanın açıqlamasına da münasibət bildirib:
“Fakt odur ki, keçmiş Ararat respublikasının 9 min kv km ərazisi var idi. Ermənistan da özünü onun varisi hesab edirsə, həmin ərazi ona da aiddir. Ona görə də, bu məsələlər erməni tərəfini ciddi şəkildə narahat etməyə başlayıb. Qonşu ölkələrə qarşı onların ərazi iddiaları Ermənistanı çətin vəziyyətə salıb. İndi Paşinyanın dediyi kimi, Ermənistanın kadastr sənədi yoxdur”.
Politoloq hesab edir ki, Paşinyan tərəfindən dilə gətirilən mövzu gündəmdədir:
“Azərbaycanın da hüququ var ki, vaxtilə Ermənistana verilən əraziləri tələb etsin. Bu ərazilərin Azərbaycana qaytarılması üçün tarixi şərait yaranıb. Azərbaycan bundan istifadə edə bilər. İki ölkə arasında sərhədlər müəyyənləşəndə də bu məsələ gündəmdə olmalıdır. Çünki ermənilər də Azərbaycanın işğal edilmiş ərazilərini mənimsəmək istəyirdi”.