Azərbaycan müstəqil dövlət kimi bütün suveren hüquqlara malikdir. Bu, ölkəmizin sərhəd bütövlüyü, bütün ərazisində qanunun aliliyi və hər hansı qeyri-qanuni hərəkətlərin yolverilməzliyində öz əksini tapıb. Bu gün rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə separatçı rejim mövcuddur, qeyri-qanuni hərbi dəstələr var. Eyni zamanda Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsinə müəyyən qruplar maneçilik törətməyə çalışırlar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan bunun əleyhinədir:
“Laçın sərhəd-keçid məntəqəsinin qurulması da ilk növbədə bunun qarşısının alınması üçün idi. Qarabağ İqtisadi zonasında yaşayan sakinlər Azərbaycan qanunlarına tabe olmalıdır. Hər hansı bir qeyri-qanuni hərəkətlər yolverilməzdir. Bu baxımdan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səsləndirdiyi fikirlər, müstəqilliyimizə, dövlətçiliyimizə uyğun gəlir. Dünyanın istənilən dövləti belə hərəkət edərdi”.
Millət vəkili hesab edir ki, Ermənistan və Fransa Azərbaycan daxilində separatçı rejimin dəstəklənməsinə son qoymalıdır:
“Bu gün Fransanın və hökumət üzvlərinin davranışları beynəlxalq hüquqa, ümumilikdə yazılmamış siyasi etikaya kökündən ziddir. Azərbaycanla razılaşdırmadan onun ərazisinə hər hansı yük göndərmək çağırışı və buna rəhbərlik etmək yolverilməzdir. Paris meri Ann İdalqo rəhbərlik etdiyi şəhərin problemlərini bir kənara qoyub Azərbaycanın daxili işlərinə qarışacaq hərəkətlər edir. Bu həmin şəxsdir ki, Fransada prezident seçkiləri öncəsi nəzarətsizlikdən istifadə edərək qanunsuz olaraq Xankəndiyə gəlmiş və orada Azərbaycana əleyhinə bəyanatlar vermişdi”.
Aydın Mirzəzadə bildirib ki, bu gün Fransanın Azərbaycanın daxili işlərinə qarışacaq hərəkətlər etməsi onu hörmətdən salır:
“BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransanın bu hərəkətləri onun statusu ilə qətiyyən uyğun gəlmir. Amma Azərbaycan qətiyyəti bu siyasi təxribatın da qarşısını almağa imkan verdi”.