Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqaraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, Qarabağ erməniləri Azərbaycan vasitəsi ilə gələn və ölkəmizdən göndərilən yardımları qəbul etməyəcəklərini bildirir. Sizcə, bu inadkarlığın sonu necə bitəcək?
- Azərbaycan üçün ermənilərin nəyin qəbul edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan suveren ərazisində zəruri hüquqları həyata keçirir. Heç bir xarici dövlətin isə birbaşa Qarabağda yaşayan ermənilərə yardım göndərməyə ixtiyarı yoxdur. Bu yardımlar yalnız Azərbaycan vasitəsilə göndərilə bilər. İndi əgər ermənilər Azərbaycan vasitəsi ilə yardım qəbul etmək istəmirsə, bu, tamam başqa mətləblərdən xəbər verir. Bu o deməkdir ki, həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmir. Eyni zamanda onların heç bir yardıma ehtiyaclarının olmadığı da məlum olur. Bu halda Azərbaycan dövləti onların ərazidən çıxması ilə bağlı qısa vaxt müəyyənləşdirə bilər. Bununla da kim Azərbaycan vətəndaşlığını və ölkəmiz vasitəsi ilə gələn yardımları qəbul etmirsə, onlar dərhal Qarabağdan çıxarılmalıdır.
- Fransanın davranışları necə izah oluna bilər? Ermənistandan daha çox erməni üçün dəridən-qabıqdan çıxan Fransanın məqsədi nədir?
- Azərbaycan qanunlarına görə, dövlətin icazəsi olmadan kimsə burada qanunsuz olaraq yaşaya bilməz. Bu məsələlərdə ermənilərə qahmar çıxmağa çalışan Fransa kimi ölkələrin davranışlarına da fikir vermək lazım deyil. Fransa Afrika, Asiyada kifayət qədər nüfuzunu itirib. İndi o, Cənubi Qafqazda özü üçün yeni nüfuz dairəsi formalaşdırmağa çalışır. Amma bu mənasız yanaşmadır. Fransaya izah olunmalıdır ki, ona Cənubi Qafqazda yer yoxdur. Çünki Fransa Cənubi Qafqazda nüfuz naminə Rusiya və Türkiyə ilə rəqabət aparmalıdır. Buna isə onun imkanları yoxdur. Sadəcə olaraq Fransa indi daha çox nəbz yoxlamağa çalışır. Ona görə də, Fransanın davranışlarından separatçı ermənilərin ümidlənməsi məntiqsizdir.
- Azərbaycanın real müstəvidə təsirli addımlarının effektivliyini necə dəyərləndimrək olar? Əlavə olaraq atılacaq addımlar nədən ibarət ola bilər?
- Azərbaycan ardıcıl şəkildə Qarabağdakı prosesləri öz nəzarəti altına alır. Addım-addım bu proses gedir. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması bu prosesdə mühüm mərhələ idi. Bir müddət sonra orada viza rejimi tətbiq edilə bilər. Azərbaycan vətəndaşı olmayan ermənilərin Qarabağ gəlməsi məsələsi həllini tapmalıdır. Vətəndaşlığı olmayan ermənilərin Qarabağda qısa müddətdə qalmaları ilə bağlı məhdudiyyət qoyulması da qaçılmaz olacaq. Bununla da Azərbaycan ərazisində suveren hüquqlarını yayacaq.
- Separatçıların israrçı davranışları nə ilə nəticələnə bilər?
- Azərbaycan mütəmadı olaraq Qarabağdakı separatçı qüvvələrin dövlətimizə qarşı çıxış etdiyini, ölkə vətəndaşlığını və təklif edilən yardımları qəbul etmədiklərini beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Azərbaycan buna görə, beynəlxalq hüquqa uyğun olaraq onların ölkə ərazisindən çıxarılmaları ilə bağlı lazım olan işlər aparmalıdır. Çünki ölkə ərazisində hansısa etnik qrup yaşamaq istəmirsə, vətəndaşlığı qəbul etmirsə mütləq şəkildə dövlətin hüdudlarını tərk etməlidir. Bunun başqa adı və izahı yoxdur. Dövlətin qanunlarını, suverenliyini qəbul etməyib burada kimsə özünü ayrıca statusda apara bilməz. Heç bir ölkə buna dözümlü yanaşmır. Azərbaycan da eyni yanaşmanı tətbiq edilməlidir.