Ağdam-Xankəndi yolunun imkanları onun buraxıcılıq qabiliyyətindən, keçdiyi coğrafi sahədən asılıdır. Rusiyadan gələn malların Azərbaycan üzərindən Xankəndiyə girməsi birmənalı olaraq daha rahatdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun əsas məqsədi inteqrator məqsədi güdür: "Beynəlxalq Ədalət Məhkəməsinin giriş koridoru ilə bağlı qərarı var. Bu qərar dünyanın aparıcı güclərin fikirlərini əks etdirir. Orada Zəngəzur koridoru daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılmasından söhbət gedir. Çünki müasir kapitalizm beynəlxalq ticarətin üzərində qurulur. Bu, iqtisadi həyatda rəqabətin artmasına gətirib çıxarır. Bunun üçün nəqliyyat yolları açıq olmalıdır".
Siyasi ekspertin fikrincə, Rusiyadan hər hansı mal gətiriləcəksə, Azərbaycan üzərindən ermənilərin bununla razılaşıb-razılaşmaması əhəmiyyət kəsb etmir: "Qarabağda iqtisadi çətinlik var. Niyə? Çünki onlar özləri inteqrasiyadan imtina edirlər. Qarabağın Azərbaycan torpağı olduğunu artıq hamı qəbul edib. BMT Təhlükəsizlik Şurası Ermənistan və Fransanın gözlədiyi qərarı çıxarmadı. Yəni onlar qəbul edir ki, Qarabağ Azərbaycan torpağıdır. Belə olan halda Azərbaycanın inteqrativ addımlar atması çox təbiidir. Ermənilərin bunun qarşısını alması özlərinə ziyandır".