Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir.
- Qüdrət bəy, bu gün Azərbaycan Respublikasının Prezidenti Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün iştirakçılarını qəbul edib. Bu görüş və görüşdə səsləndirilən fikirlərə münasibətinizi bilmək istərdik.
- Öncə qeyd edim ki, bu istiqamətdə ciddi koordinasiya olunmuş əməkdaşlığa ehtiyac var. Nazirlər səviyyəsində görüşlərin mütəmadi keçirilməsi olduqca vacibdir və alqışlanmalıdır. Prezident öz çıxışında qeyd etdi ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib. Məhz bu səbəbdən nazirlərin iclasında qarşılıqlı yardım haqqında sazişin hazırlanması barədə işlərin aparılmasınının nəzərdə tutulduğunu qeyd etdi. Prezident Türkiyədəki dağıdıcı zəlzələdən sonra Qəhrəmanmaraşda Azərbaycan dövləti tərəfindən inşa olunacaq şəhərcik barədə danışdı, təşkilatda müşahidəçi statusu ilə iştirak edən Şimali Kipr təmsilçisini xüsusi salamladı və bəyan etdi ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olcağıq.
Azərbaycan FHN-nin xilasedicilərinin Türkiyədə göstərdiyi şücaət, fədakarlıq və Qəhrəmanmaraşda Azərbaycan tərəfindən tikiləcək şəhərcik Azərbaycan dövlət başçısının dediklərində nə qədər səmimi olduğunun bariz nümunəsidir.
Erməni faşistlər Türkiyədəki zəlzələdən daha böyük miqyasda Azərbaycanın şəhər və kəndlərini dağıdıb, bir milyon insanı evsiz-eşiksiz qoyub. Yaxşı olardı ki, hər bir türk dövləti heç olmasa Azərbaycanın 200 evlik bir kəndini bərpa etsin və həmin kənd öz tarixi adı ilə yanaşı, həmin ölkənin adını daşısın. Biz heç kimə, hətta qardaşlarımıza belə borclu qalmayacağıq, amma bu, humanist bir addım olmaqla yanaşı, böyük siyasi əhəmiyyət daşıyardı, bizə qardaşlıq dəstəyi olardı, türk dövlətlərinin birliyinə xidmət edərdi. Çox istərdim ki, bu təklif həmin dövlətlərin rəhbərliyinə çatdırılsın.
- Xankəndində qondarma rejimin başçısı Araikin istefasını necə qarşıladınız?
- Bir qatilin digəri ilə əvəzlənməsinin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Paşinyan düşünür ki, 10 noyabr 2020-ci ildə, tam məğlub olma ərəfəsində atəşkəs haqqında üçtərəfli Bəyənat imzalamaqla “böyük diplomatik uğura” imza atıb, Rusiya və Azərbaycan Respublikalarının prezidentlərini aldadıb.
Fikirləşir ki, Rusiya sülhməramlıları həmin Bəyanata əsasən Azərbaycan ərazisində yerləşdirilib və Rusiya öz “maraqları” və Qərbdəki ermənipərəst dairələrin dəstəyini əldə etməsi naminə Qarabağda Azərbaycanın dövlət suverenliyinin bərpasına imkan verməyəcək. O cümlədən, Ermənistan KTMT-nin üzvü olduğu üçün Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar həyəta keçirməyəcək. Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsi istiqamətində atdığı addımların müəyyən həddə qədər mümükün olduğunu və bunun Ermənistan daxilində hakimiyyət dəyişikliyinə hesablandığını düşünür.
Ona görə də 10 noyabr sazişində nəzərdə tutulduğu halda, Rusiyanın nəzarəti altında olmalı olan və Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılmasına sazişin imzalanmasından 3 ilə qədər vaxt keçməsinə baxmayaraq imkan vermir, öz qoşunlarını işğal etdiyi Qarabağdan çıxarmır. Sülh danışıqlarını uzatmaqla Ukraynada Rusiyanın məğlubiyyətini və Rusiyada Qərb tərəfindən yönləndiriləcək yeni hakimiyyətin formalaşmasını gözləyir. Elə bir hakimiyyətin ki, ABŞ konqresmenlərinin çağırışı ilə 20 Yanvar 1990 -cı ildə olduğu kimi Azərbycan xalqına divan tutsun, işğalçı ölkəyə kömək etsin. Amma düşünmürəm ki, Paşinyanın bu riyakar siyasəti uzun müddət ayaq tutub yeriyəcək, həyata keçəcək. O da sələfləri kimi zamanla nə qədər böyük səhvə yol verdiyini başa düşəcək, amma o zaman gec olacaq. Ona yanlış yol göstərib ümid verənlər onun dalında dayana bilməyəcək. İnanmıram ki, Azərbaycan daha 30 il işğal altında qalan digər ərazilərində dövlət suverenliyinin bərpası üçün gözləyəcək.
Azərbaycan daha qətiyyətli olmalı və müttəfiqləri ilə daha intensiv işləməlidir. Biz torpaqlarımızı azad etmək üçün yaranmış tarixi şansı qaçırmamalıyıq. Heç kim təminat verə bilməz ki, gələcəkdə müttəfiqlərimiz indikindən daha güclü olacaq, daha əlverişli beynəlxalq şərait yaranacaq. İşğala son qoymaq üçün Prezidentin mümkün olan və olmayan hər şeyi edəcəyinə əminəm.