14 Sentyabr 2023 09:05
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Vladimir Putinin Qarabağ açıqlaması müzakirə mövzusudur. Rusiya lideri açıq formada vaxtilə Azərbaycan əraziləri ilə bağlı siyasi alver etməyə çalışdıqlarını etiraf etdi. Onun “Biz Laçın və Kəlbəcəri, eləcə də Dağlıq Qarabağı Ermənistana təklif etdik” açıqlaması qəzəb, ikrah doğurdu. Putin nə demək istəyirdi?

- Bu açıqlaması onu göstərir ki, vaxtilə Rusiya və onun rəhbəri Qarabağ probleminin həlli ilə bağlı nə qədər destruktiv və ermənipərəst mövqe tutub. Beləliklə, problemin həlli yolunda ciddi əngəl yaradıblar. Belə görünür ki, keçmiş Minsk qrupunun uğursuzluğuna səbəb Rusiyanın məsələlərə yanaşmada ermənipərəst mövqeyi olub. Adam heyrətə gəlir. Necə ola bilər ki, bir yandan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirirsən, o biri tərəfdən Azərbaycan əraziləri ilə bağlı ermənilərlə birlikdə bazarlıq aparırsan, onları Azərbaycanın əleyhinə olan variantlara yönəlmək istəyirsən. İndi də onları qınayırsan ki, vaxtında Rusiyanın dediklərinə əməl edilsəydi, vəziyyət Ermənistanın xeyrinə ola bilərdi. Onu da açıq formada bildirir ki, istədikləri kimi olsaydı, Qarabağda vəziyyət bu yerə gəlib çıxmazdı, Azərbaycanın tərkib hissəsi kimi tanınmazdı.

Putinin açıqlaması aşkar şəkildə Azərbaycana qarşı meydan oxumaqdır. Bu, Azərbaycana qarşı necə saymazyana davrandıqlarını göstərən bir əlamətdir. Bu destruktiv mövqeyinə görə Rusiyaya xəbərdarlıq da etmək olar. Onsuz da bu məsələ bilinirdi, amma bunun Putin tərəfindən açıqlanması və detallarının ictimai rəyə çatdırılması onu göstərir ki, 30 ilə yaxın bir müddətdə Qarabağ ətrafında oynanılan müxtəlif oyunlar və irəli sürülən variantlar (Kazan, Lavrov, Madrid və sair) Rusiyanın qoltuğunun altından çıxıb, onun qabağa çəkdiyi ideyalardır. Keçmiş Minsk qrupunun digər həmsədrləri də Rusiyanın irəli sürdüyü bu variantlara ya kor-koranə təslim olublar, ya da məsələlərə etinasız yanaşıblar.

Putin bunu deməklə, guya Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin məsuliyyətini ermənilərin üzərinə atmaq istəyir. Bildirir ki, Rusiya bu məsələdə Ermənistanın əleyhinə mövqe nümayiş etdirməyib, bunu Ermənistanın indiki rəhbərliyi edib və Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla erməniləri məyus edib. Qızışdırıcı mövqedir. Rusiya erməni cəmiyyətinin ictimai rəyinə təsir etməklə, Paşinyanı Ermənistanda nüfuzdan və bu yolla hakimiyyətdən salmağa çalışır. Eyni zamanda, o da məlum olur ki, Rusiya Qarabağ prosesinin əvvəlindən nə qədər dağıdıcı, anti-Azərbaycan və ermənipərəst mövqe tutub. Bu gün də vicdan əzabı çəkmədən həmin mənfur planın təfərrüatlarını bir-bir açıqlayırlar.

Bunun nəyin ifadəsi olduğunu bilmirəm, amma beynəlxalq hüquqa və bir dövlətin ərazi bütövlüyünə qarşı saymazlıqdır. Məsələyə beynəlxalq hüquq prizmasından yanaşdıqda görürük ki, Qarabağ məsələsinin həllinin uzanmasında, qarşıdurmaların baş verməsində, indi də sülh prosesində əngəllərin yaranmasında böyük məsuliyyət payı birbaşa Rusiya və onun prezidenti Putinin üzərinə düşür.

- Bəs Bakı ölkəmizə yönəlik bu təhlükəli planı poza bildimi?

- Bəli, poza bildi. Bu məsələləri bu və digər şəkildə Prezident İlham Əliyev mətbuata çatdırmışdı. Prezident bildirmişdi ki, biz bu planların hamısını pozduq və bunlarla razı olmadıq. Bu mənfur plan 44 günlük müharibədə pozuldu. İkinci Qarabağ Müharibəsi və bundan sonra bölgədə formalaşan yeni konfiqurasiya, eləcə də regiondakı digər geosiyasi şərtlər Rusiyanın beynindən keçən və planında olan bu nifrətəlayiq, imperialist fikirlərin boşa çıxmasına səbəb oldu.

- Ağdam-Xankəndi yolunun açılması haqda nə düşünürsünüz, bundan sonrakı gəlişmələrlə bağlı proqnozunuz necədir?

- Bu xətt sovet dönəmində bölgədə əsas və işlək yol idi. Qarabağın bütün ehtiyacları bu yolla ödənilirdi. İndi bunun alternativ yol kimi təklif edilməsi, xüsusilə bununla Laçın yolu arasındakı fərqlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyətə malikdir. Ermənilər hələ də özlərini naza çəkirlər, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yükləri qəbul etmirlər. Dirənməyə və özlərini “müstəqil dövlət” kimi aparmağa çalışırlar. Amma özləri də bilirlər ki, “müstəqillik” xülyaları ürəklərində qalıb. Ayrı-ayrı dövlətlər də bu səfeh arzuları pisləyirlər. Hətta Ermənistan da bu xülyalarını ürəklərində qoyan addımlar atır. Onları bu səfeh arzular içində ruhalandıran Ermənistan ordusunun ərazimizdəki tör-töküntüləridir.

Yəqin ki, Azərbaycan bu tör-töküntüləri ərazisindən çıxarmaq və ya tam neytrallaşdırmaq üçün ciddi antiterror tədbirlərinin planını hazırlayır. Bu plan çox da uzaq olmayan zamanda həyata keçiriləcək. Beləliklə, tədricən, addım-addım, yeri gələndə inandırma, təbliğat, bunlar da işə yaramayanda güc yolu ilə Azərbaycan torpaqlarında oturub separatçılıqla məşğul olan silahlıları və xunta rejimini ərazimizdən çıxarmaq mümkün olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər