Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə təmin edib. II Qarabağ müharibəsindən öncə, Vətən müharibəsinin gedişində, post-münaqişə dövründə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi siyasi-diplomatik müstəvidə sərgilədiyi mövqe dünya ictimaiyyətinin diqqəttində idi. Bu gün də Azərbaycanın haqlı mövqeyinin təşviqi istiqamətində atılan addımlar, ortaya qoyulan qətiyyətli mövqe bunun əyani təzühürüdür.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanın haqlı mövqeyi bir daha ifadə olunub: “Telefon danışığında Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatçı rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir. Erməni tərəfi bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır. Eyni zamanda Ermənistan məqsədli şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yoldan yüklərin daşınmasından imtina edir”.
Millət vəkilinə görə, ölkə başçısının da vurğuladığı kimi Ermənistan tərəfinin Ağdam-Xankəndi yolundan istifadədən imtinası siyasi manipulyasiyadır: “Bu həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün ortaya atılmış şoudur. Azərbaycan dövlətinin iradəsi ondan ibarətdir ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Dövlətimizin başçısının da bildirdiyi kimi burada separatizmin bütün təzahürləri qəbulolunmazdır”.
Deputat bildirib ki, Azərbaycanla razılaşdırmadan Ermənistanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğu iddia etdikləri yüklərin gətirilməsi ölkəmizin daxili işlərinə qarışmaqdır: “Bu açıq şəkildə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib. Dövlətimizin başçısı həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatçı rejimin bundan imtina etdiyini A.Blinkenin nəzərinə çatdırıb”.
Eldar Quliyev Prezident İlham Əliyev tərəfindən Qarabağın erməni əhalisinin nümayəndələri ilə reinteqrasiya məsələlərinin müzakirəsinin mümkünlüyü bəyan edildiyini bildirib: “Bu müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onlar bundan da imtina edib. Öz növbəsində ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirib. O qeyd edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Eyni zamanda Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini ifadə edib”.