Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan qanunsuz rejimin “prezident seçkiləri” keçirməsi qəbuledilməzdir. Bu addım həm Azərbaycanın Konstitusiyasına, həm də beynəlxalq hüquq normalarına tamamilə ziddir.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Qarabağdakı qanunsuz rejim işğal dövründə Ermənistan tərəfindən yaradılıb və həmin ölkə tərəfindən maliyyələşdirilir. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqları işğaldan azad edərək, Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün davamlı olaraq çağırışlar edir. Lakin görünən odur ki, Qarabağın dinc əhalisi qanunsuz rejimin girovuna çevrilib.
Millət vəkilinin sözlərinə görə, artıq rəsmi Bakı Qarabağ separatçılarının qanunsuz hərəkətlərinə münasibət bildirib. Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, ölkəmizin ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Digər tərəfdən, bu addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Amma bu yol ilk növbədə rəsmi İrəvanın özü üçün yaxşı olmayacaq. Son illərin təcrübəsi də bunu deməyə əsas verir.
Sevinc Fətəliyeva xatırladıb ki, artıq bir sıra ölkələr və beynəlxalq təşkilatlar sözügedən qondarma “seçkiləri” pisləyib: “Ermənistan Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilərlə təmaslarına mane olur. Bu, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır. Ermənilər və onların havadarları 44 günlük müharibənin nəticələrini unutmamalıdır. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Əgər bu baş verməsə, dövlətimiz lazımi addımlar atmaq hüququnu özündə saxlayır”.