Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zərdüşt bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçi ola biləcəklərini açıqlayıb. Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan arasında dörd tərəfli danışıqlar təklif edilir...
- Türkiyə Prezidenti belə bir açıqlama verirsə, Ermənistan tərəfi bu vasitəçiliyə etiraz etmir. Əvvəl Türkiyənin adı gələndə Ermənistan qəti şəkildə "yox" deyirdi. İndi vəziyyət dəyişib. Erməni tərəfi də görür ki, Rusiya, ABŞ, Fransanın vasitəçiliyi bir nəticə vermir. Rusiya-Türkiyə münasibətləri isə müsbət təsir bağışlayır. Çünki onlar prosesə adi qonşuluq prinsipindən yanaşırlar. Burada heç bir ədavətdən söhbət gedə bilməz. Belə olan halda Türkiyə tərəfi etirazların olmayacağını bilərək bu təkliflə çıxış edib. Ermənistan buna etiraz etmiş olsa idi, Ərdoğan bu sözü deməzdi. Sözsüz ki, Türkiyə prosesə qoşulmaqla sülh məsələsinə öz müsbət töhfəsini verə bilər.
- Ermənistanın Türkiyənin vasitəçiliyinə səmimi yanaşması hələ də şübhəlidir...
- Ola bilsin ki, tezliklə erməni tərəfi də bəyanat verib Türkiyənin vasitəçiliyi qəbul etdiklərini açıqlasın.
- Rusiyanın buna yanaşması necə olacaq?
- Moskvanın Türkiyənin vasitəçiliyinə reaksiyası əslində onun imkanlarından asılıdır. Rusiya Ermənistan kimi xam xəyallarla yaşayan ölkə deyil. Bu dövlət öz imkanlarını ölçüb-biçib addım atır. Son 3-4 ildəki siyasət göstərir ki, Cənubi Qafqazda Rusiya öz imkanlarını dəqiq bilir. Ona görə də, ehtiyatlı siyasət yürüdür.
- Türkiyənin bu prosesə qatılması Qərbdə necə qarşılanacaq?
- Bu gün Qərb dünyanın iqtisadi, siyasi, hərbi cəhətdən aparıcı qüvvəsidir. İstədik-istəmədik Qərb var. Gözümüzü yumsaq, Qərbi görmərik, amma gözümüz açıq olsa, Qərbi görərik. Ona görə də, gözüaçıq yaşamalıyıq. Türkiyənin vasitəçiliyinə Qərb çox isti yanaşacaq. Qərb Türkiyə ilə bəzi məqamlarda rəqib olsa da, bir çox məsələlərdə müttəfiqdir. Unutmaq olmaz ki, Türkiyə Qərblə daha yaxındır. O, NATO-nun üzvüdür və Qərb istisadiyyatının tərkib hissəsidir. Onun ümumi siyasətinin mühüm amili məhz Türkiyədir. Cənubi Qafqazda Türkiyənin güclənməsinə Qərb qarşı çıxmayacaq. Ola bilsin bir az Fransa buna qısqanc yanaşsın. Amma Fransa Qərbdə elə də həlledici oyunçu deyil.
- Bir çox şərhçilər Rusiyanın Cənubi Qafqazdan getməsi fonunda onun yerini Türkiyənin tutacağı iddiası irəli sürür. Siz necə düşünürsünüz?
- Bu şərhləri verən adamların xəritədən anlayışı yoxdur. Rusiya Cənubi Qafazdadır. O heç yana getmir. Onun nüvə silahı, 150 milyon əhalisi var. Eyni zamanda Rusiyada xeyli soydaşlarımız yaşayır. Ona görə də, Rusiya ilə bağlı münasibətləri birdəfəlik kəsib atmaq mümkün deyil. Qərblə də eyni münasibətlərin saxlanmasına üstünlük verilir.
- Türkiyənin vasitəçiliyi ilə bölgədə qalıcı sülhün əldə edilməsi ehtimallarını necə dəyərləndirirsiniz?
- Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasın. Çünki sülh olacaqsa, Ermənistan Türkiyə ilə münasibətləri tənzimlənəcək, iki ölkə arasında sərhədlər açılacaq, əlaqələr genişlənəcək. 5 ildən sonra Türkiyənin bölgədə çəkisi daha da güclənəcək. Türkiyə bölgəyə daha yaxın olduğu üçün burada onun mövqeyi daha önəmlidir. Bütün bunların baş verəcəyi təqdirdə Ermənistanın təhlükəsizliyinin əsas zamini Türkiyə olacaq.