Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərinin böyük tarixi əhəmiyyəti var. Bu, ilk növbədə Azərbaycan və Türkiyənin möhkəm və sarsılmaz qardaşlığının göstəricisidir. Türkiyə Prezidenti yenidən seçiləndə ilk xarici səfərini məhz Azərbaycana edib. II Qarabağ müharibəsi başlayanda cənab Ərdoğanın "Türkiyə hər cür yardımla Azərbaycanın yanında olacaq" - bəyanı ölkəmizi haqq işimizin görülməsində xarici təzyiqlərdən sığortalamış oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, 19 sentyabrda Azərbaycan Ordusu Qarabağdakı separatçılara və qanunsuz erməni silahlılarına qarşı lokal xarakterli antiteror tədbirlərinə başlayanda da Türkiyə ölkəmizə dəstək verdi:
“Türkiyə Prezidenti Ərdoğan BMT tribunasından Qarabağın Azərbaycan torpaqı olduğunu bir daha bəyan etdi. Bu, sözsüz ki, düşmənlərimizin bizə qarşı təzyiq cəhdlərindən çəkindirdi. Prezident Ərdoğanın Naxçıvana səfərini də ilk növbədə qardaşlığımızı nümayiş etdirməklə Azərbaycana verilən böyük siyasi dəstək olduğunu hesab edirəm”.
Deputat hesab edir ki, bu səfərin digər aspektləri isə iqtisadi əhəmiyyəti ilə bağlıdır:
“Naxçıvan 30 il blokada vəziyyətindədir və qazla təminatı İrandan mübadilə yolu ilə təmin olunur. Səfər çərçivəsində imzalanmış Naxçıvan - İğdır qaz kəmərinin çəkilməsi layihəsi Azərbaycan qazının birbaşa Türkiyə vasitəsilə Naxçıvana nəql olunmasına imkan verəcək. Digər tərəfdən Zəngəzur dəhlizinin açılışından sonra bu dəhliz vasitəsilə də Naxçıvana qaz xətti çəkiləcək. Bu da gələcəkdə Naxçıvandan Türkiyəyə və oradan da Avropaya qaz ixracına yol açacaq”.
Millət vəkili bildirib ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri çərçivəsində Naxçıvan-Qars dəmir yolunun inşası ilə bağlı anlaşma memorandumu imzalanıb:
“Bu, dünya əhəmiyyətli tarixi bir layihədir. Dəmir yolunun tikintisi başa çatandan sonra Türkiyə və Avropanın Fars körfəzinə dəmir yolu bağlantısı yaranacaq. O cümlədən Zəngəzur dəhlizinin istifadəsi reallaşandan sonra Rusiya da bu layihəyə birləşəcək və Naxçıvan beynəlxalq logistika mərkəzinə çevriləcək. Bu baxımdan Türkiyə Prezidentinin Naxçıvan səfərinin böyük əhəmiyyəti var”.