30 Sentyabr 2023 10:12
6 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hazırda Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtmaq məsələsi gündəmin müzakirə mövzularındandır. Sizcə, indiki şəraitdə qarşılıqlı qayıdış həyata keçirilə bilərmi? Mövcud şərait buna imkan verirmi?

- Bir neçə gün əvvəl sosial mediada bu mövzuda bir statusla çıxış eləmişdim. Qarabağda ermənilərin köçünün başlanmasının davamiyyətini gördüm və hesab edirəm ki, prosesin tez bir zamanda antiterror tədbiri nəticəsində gözləmədiyimiz bir şəkildə sürətləndirilməsi fonunda Qərbi azərbaycanlıların da öz vətənlərinə qayıdışı artıq gündəmə gəlib. Eyni zamanda bu, artıq real bir masa üstünə qoyulacaq bir məsələyə çevrilib.

Ermənistan nəşri belə bir açıqlama yaydı ki, görünür, Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsi ilə bağlı əsas prinsipial və predmet məsələlərindən biri kimi Qərbi azərbaycanlıların öz doğma ata-baba yurdlarına qayıtması məsələsini qoyub. Onların açıqlamalarına görə, artıq hiss olunur ki, bu, gündəmdə var. Brüssel danışıqlarında bu məsələ müzakirə olunub. İspaniyada keçiriləcək görüşdə isə artıq kreativ məsələyə çevriləcək. Mətbuata sızan informasiyalar bunu deməyə əsas verir ki, bu, müasir məsələ olacaq. Görürük ki, Qarabağda ermənilərin səbəbsiz köçü başlayıb. Azərbaycan rəsmiləri bəyan edirlər ki, onların getməyinə heç bir əsas yoxdur. Sadəcə olaraq, onlar hansısa bir vəziyyətdə panik durumdadırlar və yaxud da özlərinin daxili çağırışları ilə Ermənistan ərazisinə keçirlər. Azərbaycan əvvəldən bəyan edib ki, heç vaxt etnik təmizləməyə yol verməyəcək. Düşünürəm ki, ermənilər nə vaxtsa geri dönəcəklər. Bundan ötrü Azərbaycanda Dövlət Miqrasiya Xidməti yeni bir portal açdı. Azərbaycanda yaşamaq istəyən erməni vətəndaşların qeydiyyatını təşkil etdi. Eyni zamanda belə bir qeydiyyat bürolarının fəaliyyətə başlayacağını elan etdi.

Avqustda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə 14 maddəlik müqavilə bəyanatı açıqlandı. Bu maddələrə əməl olunmalıdır. 14 maddəyə nəzər salsaq, görərik ki, bu gün baş verən proseslərin heç biri Lavrovun gündəmə gətirdiyi o şərtlərin çərçivəsindən kənara çıxmır. Cüzi istisnaları çıxmaq şərti ilə demək olar ki, o maddələrdəki bütün şərtlərin hamısına əməl olunub. Ancaq burada yeganə qalan məsələ ermənilərin özlərinin könüllü şəkildə getməsidir. Hesab edirəm ki, onlar geri qayıdacaq. Bunun fonunda Azərbaycan prezidentinin artıq əli güclənir ki, öz şərtini diktə etsin. Bu halda Ermənistan ərazisindən deportasiya olunmuş Qərbi azərbaycanlıların qayıdışı təmin olunsun. Bu, artıq qarşılıqlı bir iddia şəklində olacaq. Əgər Qərb bizə etnik təmizləməni şərt olaraq qoyacaqsa Qarabağda yaşamış ermənilər geri qayıtmalıdır, Azərbaycan da bu şərti diktə edəcək ki, sülh müqaviləsinə Qərbi Azərbaycandan deportasiya olunanlar da geri qayıtması şərti əlavə olunsun. Qərbi azərbaycanlıların bu fonda Qərbi Azərbaycana qayıtması, Ermənistan ərazisində yerləşməsi, Azərbaycandakı ermənilərin hansı prinsip və hansı şərtlər altında yaşayacağı barədə qarşılıqlı şəkildə şərtlər qoyulacaq. O şərtlər olmalıdır ki, Ermənistan dövləti, onun təhlükəsizlik orqanları Qərbi azərbaycanlıların təhlükəsizliyə təminat verməlidir.

Bu, bölgədə region dövlətlərinin özlərinə də sərf edir. Xüsusilə Rusiya üçün çox sərfəli variantdır. Eyni zamanda Rusiyanın əsas prioritet məsələlərindən biri də budur ki, azərbaycanlılar da Ermənistana öz dədə-baba torpaqlarına qayıda bilsin. Bu halda artıq Rusiya Qafqazı daha ağrısız nəzarətdə saxlamaq imkanı əldə edir.

- Rusiyanın hazırda Qafqazdan istədiyi nədir?

- Rusiyanın Qafqazda istədiyi yeganə bir haldır. Necə ki, Ukraynada bunu dəfələrlə istədilər, Lavrov bəyanatlarında, Putin də açıqlamalarında dedi. NATO-nun Ukrayna ərazisinə, eyni şəkildə Cənubi Qafqaza gəlməsi və kənar dövlətlərin bazalarının yerləşməsinin əleyhinədir. Rusiya bunu özünə təhdid sayır, Cənubi Qafqazı həmişə təhlükəsiz zona kimi görmək istəyir. Rusiyada bu məsələlərdə kənarda deyil, öz maraqları çərçivəsində hərəkət edir. Rusiya çox istəyər ki, işlədiyi planların birində bu məsələlər çox sakit şəkildə həyata keçirilsin. Rusiyanın bir nömrəli planı qarşısında duran məsələ Ermənistan hakimiyyətini öz təsirində saxlamaqdır. Bunun üçün Paşinyan hansısa formada bir akta imza atmalıdır. Öhdəlik götürməlidir ki, ölkəsini nə Qərbə, nə də Qərbi ölkəsinə daşıyacaq. Bu haqda Rusiya qarşısında öhdəlik götürməlidir ki, Rusiya Paşinyanla bu işi davam etdirsin. Əks halda Paşinyanın hakimiyyətdən getməsi qaçınmaz olacaq. Paşinyanın NATO-nun Qafqaza gətirməsinə Rusiya yol verməyəcək və bunu həzm edə bilməyəcək.

- Qondarma rejimin ləğv edildi, proseslərin gedişi necə olacaq?

- Proses yanvarın 1-nə qədər tam yekunlaşacaq. Orada formalaşmış "struktur"lar var ki, Azərbaycan onların heç birinə nəzarət etmir. İlk növbədə qurumlar hamısı Azərbaycana inteqrasiya olunmalıdır. Ondan sonra orada yaşayacaq insanların özləri inteqrasiya edilsin. Bunlar Xankəndinin kommunikasiya, rabitə təhcizatı, yol infrastrukturlarıdır. Bunlar inteqrasiya olunandan sonra artıq birgəyaşayış inteqrasiyası bir xeyli asanlaşacaq. Hesab edirəm ki, yaxın günlərdə Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq. Dövlət binasının üstündə o bayrağı görə biləcəyik. Xankəndidə fəaliyyət göstərəcək dövlət strukturlarının hamısını cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin təyinatı ilə həyata keçiriləcək.

- Sizcə, "Miatsum" iddiası bitdimi?

- "Miatsum" iddiası bitməyib, heç bir vaxt bitən deyil. Bu, ermənilərin xəstəliyidir. Müəyyən dövrlərdə alovlanıb və səngiyə bilir. Azərbaycanın əsas məqsədi və funksiyası ərazisində yerləşən ermənilər içərisində bunun qarşısını almaq, minimuma endirmək və bu ideologiyanı daşıyıcılarını Azərbaycan ərazisindən kənarda saxlamaqdır.

- Ermənistanda vəziyyət necə davam edəcək? Paşinyan hakimiyyətinin aqibəti necə olacaq?

- Hesab edirəm ki, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması Azərbaycan üçün o qədər də vacib məsələ deyil. Artıq Paşinyanın hakimiyyətinin bura qədər olması müddəti bizim üçün sərfəli idi. Ermənistanda indidən sonra kimin hakimiyyətdə olması Azərbaycanı az maraqlandırır. Paşinyan artıq Azərbaycan üçün missiyasını başa vurub. Ancaq Rusiya üçün Paşinyanın getməsi prioritet məsələyə çevrilib. Çünki Paşinyan ölkəsini Qərbə daşımaqda qərarlıdır. Bu baxımdan Paşinyanın devrilməsi an məsələsidir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər