Prezident İlham Əliyev Tiflisdə görüşlə bağlı Paşinyana konkret təklif verdi. Bununla bağlı bizim mövqeyimiz tam aydın və şəffafdır. Gürcüstan bizi dəstəkləyir. Gürcüstanın özü də vaxtilə vasitəçilik təklif etmişdi.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, görüş harada olur-olsun, Azərbaycan buna hazırdır:
“Prezident dəfələrlə bildirib ki, biz bütün platformalarda görüşürük. Rusiya, ABŞ, Brüsseldə də görüşmüşük, bundan sonra da təmaslar davam edəcək. Tiflisə gəlincə, bunun önəmi ondan ibarətdir ki, bu, regional bir görüşdür. Aparıcı qüvvələrin iştirakı olmadan oturub, öz məsələlərimizi həll edirik. Əlbəttə, Ermənistanın da marağı olmalıdır ki, Cənubi Qafqazda sülh yaransın. Çox vaxt yadımızdan çıxır ki, bura bizim regionumuzdur. Məsələn, Avropa İttifaqının, Fransanın və ya hər hansı bir kənar qüvvənin torpağı deyil. Paşinyan da buna razı olmalıdır, çünki bu addıma ehtiyacı var. Həlli vacib olan bir sıra problemlər var. Düşünürəm ki, bu, sağlam, normal və maraqlarımıza cavab verən təklifdir”.
Fikrət Sadıqov bildirib ki, bir sıra nəticələr Ermənistanın mövqeyindən asılıdır:
“Maneələr, problemlər yardılmamalıdır. Biz öz torpaqlarımızı azad etmişik. Artıq Xankəndiyə də daxil olmuşuq. Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdı, hətta bəyan etdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bundan sonra digər məsələlər də həll edilməlidir. Sərhədlərin delimitasiyası və Zəngəzur dəhlizinin açılması da kifayət qədər mühüm məsələlərdir. Bunların həlli Ermənistandan asılıdır. Sonrakı vəziyyət müzakirə oluna bilər. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır, bu, əsas məsələdir. Şübhə etmirəm ki, həllini gözləyən məsələlərlə bağlı mövqeyimiz qəti və prinsipial olaraq qalacaq. Ermənistandan fərqli olaraq, biz mövqeyimizi dəyişmirik. Bu istiqamətdə irəliləyəcəyik”.