10 Oktyabr 2023 22:46
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev ürək ağrısı ilə erməni vandalizmini görür, oradan bütün dünyaya səslənirdi. İkili standartlardan uzaq ədalətli bir yanaşma tələb edirdi. Ancaq eyni zamanda, əminliklə, qətiyyətlə deyirdi ki, tezliklə bu tarixi Azərbaycan torpaqlarında həyat yenidən canlanacaq, insanlar öz doğma dədə-baba yurdlarına qayıdacaq, bu diyarda festivallar, elmi-mədəni tədbirlər, görüşlər keçiriləcək. Çox qısa zaman keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu gün artıq keçmiş məcburi köçkünlər öz Vətənindədir. Burada çox mühüm beynəlxalq konfranslar keçirilir. Bunlardan biri də Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasıdır. Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İƏT ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərləri iştirak ediblər. Azərbaycanın təşəbbüsü ilə bu ilki iclasın təşkilatın mövzusu “Yaşıl keçid və qarşılıqlı əlaqələr” adlanır.

Bunu Teleqraf.com-a Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.

Onun fikrincə, ilk növbədə, qeyd etmək lazımdır ki, təşkilat 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılmış, 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə üzv olmub: “Hazırda təşkilata 10 ölkə daxildir: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan. Təşkilatın məqsədi ölkələrin inkişafına kömək etmək, ticarət maneələrini aradan qaldırmaq, üzv dövlətlərin ticarətini genişləndirmək və beynəlxalq bazarlara inteqrasiyasını təmin etməkdir. Həmçinin əsas məqsədlərdən biri də tarixi-mədəni əlaqələrin gücləndirilməsidir. Bu təşkilat Türkiyəni, Orta Asiyanı, Türk respublikalarını birləşdirir və siyasi əhəmiyyətə malikdir. Ermənistana dəstək verməyə çalışan müəyyən qüvvələr Şuşanı Azərbaycan torpağı kimi tanıması baxımından görüşün bu şəhərdə keçirilməsi siyasi baxımdan vacibdir. Elə Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubu da dünyaya bir mesajdır. Bu həm Azərbaycan həqiqətlərinin, yaranmış yeni reallığın beynəlxalq ictimaiyyətə çatdırılması, həm də perspektiv əməkdaşlıq imkanlarının təqdim edilməsi baxımından əhəmiyyətli bir sənəddir. Azərbaycan uzun illər dözüm və səbir nümayiş etdirdi. Lakin beynəlxalq təşkilatlar problemi həllə etmək əvəzinə, onu daha da mürəkkəbləşdirir, heç bir əhəmiyyət kəsb etməyən görüşlər keçirir, qəbul etdiyi qətnamələri yerinə yetirmirdi. Əvəzində isə Ermənistan yeni ərazilər naminə yeni müharibəyə can atır, “Qarabağ Ermənistandır və nöqtə” deyərək xalqımıza qarşı bədnam fikirlərdən əl çəkmirdi. Nəhayət 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü, suverenliyini, konstitusiya quruluşunu bərpa etmiş, separatizmə son qoydu. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri aparılır, nəhəng miqyaslı layihələr həyata keçirilir. Bununla bağlı ölkə başçısının məktubunda qeyd olunur ki, “ 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.

Professor bildirib ki, Ermənistan bütün beynəlxalq hüququn norma və prinsiplərin, hətta özünün qoşulduğu normativ hüquqi aktlara hörmət etməyərək tarixi torpaqlarımızda humanitar və ekoloji fəlakət törətmiş, təbii sərvətlərimizi talan etmiş, tarixi-mədəni-dini irsimizi dağıtmışdır: “Əlbəttə ki, dini abidələrimizin, qəbirlərimizin, məscidlərimizin xarabaya çevrilməsi, təhqir edilməsi tək Azərbaycana deyil, dünya müsəlmanlarına qarşı bir vandalizm aktıdır. Bu gün işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, “Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır”. Hazırda dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində ən əsas vəzifələrindən biridir. Elə bu baxımdan da Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir”.

Millət vəkili dövlət başçısı bir daha regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycanın 3+3 əməkdaşlıq formatını irəli sürdüyünü xatırlatdığını söyləyib: “Qeyd etmək lazımdır ki, bir neçə gün əvvəl Gürcüstana səfər edən prezident İlham Əliyev Cənubi Qafqazda olan problemlərin elə yerində, yəni Cənubi Qafqazda həll olunmasının vacibliyini bəyan edərək “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Gürcüstanın vasitəçi qismində iştirakını daha arzuolunan olduğunu bildirmişdi”. Ölkəmizin etibarlı tranzit ölkə olduğunu və bizim nəqliyyat-logistika infrastrukturumuzun bütün İƏT ölkələri üçün açıq olduğunu bəyan edən ölkə başçısı Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəflədiyimizi də görüş iştirakçılarıın nəzərinə çatdırdı. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində də fəal çalışır. Qeyd etmək lazımdır ki, Azərbayca regional nəqliyyat və tranzit dəhliz¬lərinin inkişaf etdirilməsi istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis etmişdir. Eyni zamanda, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilmişdir. Beləliklə, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi quruma daxil olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Və əməkdaşlığın daha da şaxələnməsi sahəsində mühüm təşəbbüslərlə çıxış edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər