“Sülh sazişinin 4 paytaxtdan birində – Vaşinqton, Brüssel, Moskva və ya Tiflisdə imzalanması mümkündür”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq” sualıyla yanaşı, bir başqa sual da aktuallaşıb: sülh sazişi harada imzalanacaq?
Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. Bu mənada, sülh sazişinin imzalanması bu il baş verməsə də, gələn ildə reallaşması mümkündür. Böyük dövlətlər sülh sazişinin imzalanacağı məkan uğrunda aralarında diplomatik mübarizəyə başlayıblar. Sülh sazişinin 4 paytaxtdan birində – Vaşinqton, Brüssel, Moskva və ya Tiflisdə imzalanması mümkündür. Vaşinqton və Brüssel Nikol Paşinyana təzyiq edir ki, Rusiyanın vasitəçiliyindən uzaq dayansın. Bu səbəbdən Paşinyan MDB-nin Bişkəkdə keçirilən sammitinə qatılmadı, xarici işlər nazirini də Qırğızıstanın paytaxtına göndərmədi. Çünki həmin sammitdə Paşinyan İlham Əliyev və Vladimir Putilə üçtərəfli görüşə qatıla bilərdi ki, o, bunu istəmir”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, sülh sazişinin Qərb paytaxtlarından birində imzalanması isə Kremlin maraqlarına cavab vermir:
“Putinin Bişkəkdə MDB sammitində çıxışının mahiyyəti bu idi ki, Azərbaycanla Ermənistanı yaxınlaşdırmaq və sülh sazişini imzalamaq üçün illərdir vasitəçilik edən Rusiyanın zəhməti hədər getməməli, iki dövlət arasında yekun sənəd Moskvada imzalanmalıdır. Azərbaycan prezidenti üçün sülh sazişinin harada imzalanmasının fərqi yoxdur, bu Brüssel də ola bilər, Moskva da - təki bölgədə sülhə yol açan sənəd imzalansın. Buna rəğmən, Azərbaycan prezidentinin danışqılar məkanı kimi Tiflisə üstünlük verdiyi onun Gürcüstanda verdiyi açıqlamalardan da aydın oldu”.