20 Oktyabr 2023 09:23
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İsrail-HƏMAS savaşı hara qədər gedəcək? Toqquşmanın regional müharibəyə çevrilməsi ehtimalı günbəgün artır.

- Bəli, savaşın miqyası genişlənə bilər. İsrail artıq Suriyaya da zərbələr endirir, iki hava limanı vurulub. Livanla da müharibə başlayacaq. “Hizbullah” Livan ərazisindən İsraili atəşə tutur. İsrailin növbəti hədəfi “Hizbullah”la müharibə olacaq. İsrail Baş naziri Netanyahu da açıq şəkildə deyir ki, iki cəbhədə də savaşmağa hazırıq.

Yəqin ki, bir müddət sonra İrana da zərbələr endiriləcək. Çünki Netanyahu HƏMAS-ın İsrailə hücumunun ilk günündə İranın adını çəkmişdi. İsrail indi HƏMAS-la məsələsini həll etməyə çalışır, gedişatda İran da vurulacaq. Bu olarsa, İran da hansısa formada cavab verəcək. Bu durumda isə ABŞ prosesə qarışacaq. Yəni müharibənin hər tərəfdən genişlənməsi riski böyükdür.

- Savaş Suriya və Livana sıçrasa, bu, hansı gəlişmələrə yol aça bilər?

- Suriya və Livana zərbələr genişləndirilərsə, İran “Hizbullah” və dəstəklədiyi digər qruplaşmalar vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu durumda vəkalət müharibəsi genişlənəcək. Əsas təhlükə bundan ibarətdir.

Türkiyəyə gəlincə, İsraili sərt tənqid etməyə başlayıb. Türkiyə müharibənin dayandırılmasına çalışır. Amma Türkiyə də baş verənlərə hansısa formada cavab vermək məcburiyyətində qala bilər.

ABŞ hərbi gəmiləri İsrail sahilləri yaxınlığında yerləşib. Hətta Amerika hərbçilərini İsrailə göndərmək barədə düşünür. Əgər hərbçiləri hədəf götürülərsə, Amerika da müharibəyə qatılacaq.

İrana gəlincə, İsrailin bu ölkədə güclü agentura şəbəkəsi var. İsrailin İranı daxildən qarışdırmaq planını da işə sala bilər. İranda xaotik durumun yaranması ehtimalı var. Daxildə İran hakimiyyətinə qarşı olan silahlı qruplar mövcuddur. Xüsusən də ərəblər, kürdlər və bəlucların yaşadıqları bölgələrdə.

Həmin silahlı qruplar fəallaşa bilərlər, bu da İran hakimiyyətinin problemlərini artıracaq. Sosial gərginlik artarsa və İrana hava zərbələri endirilərsə, orada humanitar böhran baş qaldıracaq. Biz də oradakı azərbaycanlıların (Güney Azərbaycan) bu böhranla üzləşməsinə seyirçi qalmayacağıq.

Yəqin İran azərbaycanlıları təhlükəsiz yer arayışında biz tərəfə də istiqamətlənə bilərlər. Bu, bizim də problemlərimizi artıra bilər.

- ABŞ-ın birbaşa müdaxiləsinə indi Fələstini dəstəklədiklərini bəyan edən regionun ərəb dövlətlərinin təpkisi necə ola bilər?

- Ərəb dünyası İsrailin Qəzzanı bombalamasını pisləyir. Amma həmin ölkələrin əksəriyyəti prosesə müdaxilə etmək istəmir. Türkiyə keçmişdə olduğu kimi, bu gün də ərəb dövlətlərindən daha çox Fələstin məsələsini gündəmə gətirir, öz dəstəyini ifadə edir.

Ərəb dövlətlərinin çoxunun ABŞ-la sıx münasibətləri var. Amerika ilə hərbi əməkdaşlıq edirlər. ABŞ-ın onların təhlükəsizlikləri ilə bağlı təminatları var. Buna görə də ehtiyatlı mövqedən çıxış edirlər.

Əslində, İrana zərbələr endirilsə, bu, ərəb dövlətlərinin də maraqlarına xidmət edəcək. Çünki onların çoxu İranı özlərinə rəqib kimi görürlər. Məsələn, İranın Yəmənə müdaxiləsi ərəb dövlətlərini narazı salıb, xüsusən də Səudiyyə Ərəbistanını. Düzdür, indi İran və Səudiyyə münasibətləri normallaşdırmağa çalışırlar, amma tərəflər arasında cavabsız sualların sayı da çoxdur. Buna görə də hesab edirəm ki, ərəb dövlətləri indiki hadisələrlə əlaqədar ABŞ-la münasibətlərini gərginləşdirməyəcəklər.

- Baş verənlər fonunda Türkiyə hansı mövqedə duracaq?

- Hələ proses başlayanda proqnozlaşdırmışdım ki, Türkiyə balanslı mövqedən çıxış edəcək, amma Qəzzanın bombalanması şiddətlənərsə, mövqeyi dəyişəcək, İsrailə qarşı daha sərt mövqedən çıxış edəcək. Təəssüf ki, proqnozum özünü doğrultdu. Artıq başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə rəsmiləri İsraili çox sərt tənqid edirlər. Bu da Türkiyə-İsrail münasibətlərini gərginləşdirir ki, bu, Azərbaycanın maraqlarına da cavab vermir.

Prezidentin köməkçisi Hikmət Hacıyev yaxınlarda İsraildə səfərdə olmuşdu, onu Baş nazir Binyamin Netanyahu qəbul etmişdi. Hikmət Hacıyev İsrail telekanalına müsahibəsində belə bir fikir söyləmişdi ki, biz dostlarımızın da bir-biri ilə dost olmasını istəyirik. Amma indi dostlarımız – İsrail və Türkiyə arasında münasibətlər gərginləşəcəksə, bunun bizə qədər də müəyyən mənfi təsirləri olacaq.

Bəli, Türkiyənin İsrailə qarşı münasibəti getdikcə sərtləşəcək, İsrail də geri dönənə oxşamır. Çünki mühafizəkar baş nazirləri var, müharibəni davam etdirməkdə israrlıdır. Buna görə də, Türkiyə-İsrail münasibətləri getdikcə gərginləşəcək. Düzdür, Türkiyə prosesə müdaxilə etməyəcək, amma hansısa həll variantları üzərində işləyəcək. Bura Qəzza əhalisinin təhlükəsizliyi, onların bölgədən təhlükəsiz çıxarılması və sair məsələlər daxildir. Yəqin ki, bu məsələdə Türkiyə tək olmayacaq, Misirlə bir yerdə vəziyyətdən çıxış yolları axtarmağa çalışacaq.

- Son gəlişmələr fonunda ABŞ-dan PKK/YPG terror təşkilatına dəstəyin artdığını da görürük. Hətta ABŞ Prezidenti Co Bayden Türkiyəyə Suriyada antiterror əməliyyatlarını dayandırması barədə xəbərdarlıq etdi. Sizcə, ABŞ Yaxın Şərqdəki qarışıq durumdan istifadə edib “kürd projesi”ni yenidən gündəmə gətirə bilərmi?

- Amerika yenidən bu planı işə salsa, Türkiyə ilə münasibətlərə ağır zərbə vuracaq. Bu da nə Türkiyənin, nə də Amerikanın maraqlarına cavab verir. Əlbəttə, Amerika İsraili qorumaq üçün bu cür təxribatçı planları aktivləşdirə bilər, amma bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verməyəcək, vəziyyəti daha da gərginləşdirəcək.

Düzdür, Amerika İsraili hərtərəfli dəstəkləyir, amma buna görə də Türkiyə ilə münasibətləri gərginləşdirmək onun marağında olmamalıdır.

- Bəs Azərbaycan İsrail-Fələstin münaqişəsinə münasibətdə harada durmalıdır? Bu da cəmiyyətimizdə müzakirə mövzusudur.

- Bizim sadə mövqeyimiz olmalıdır: biz müharibənin əleyhinəyik, sülh istəyirik, mülki obyektlərin vurulmasını istəmirik. Eyni zamanda, BMT-nin Fələstinin tanınması ilə bağlı qətnaməsinin yerinə yetirilməsini istəyirik.


Müəllif: Mənsur Rəğbətoğlu