Beynəlxalq təşkilatların yenilənməsinə çox böyük ehtiyac var. Artıq bunu çox yerlərdə bildirirlər. Bununla bağlı çoxlu təklif səslənir. Amma beynəlxalq güclər, böyük dövlətlər hələ bu yeniliyi etməyə tələsmirlər. Çünki onlardan çox şey asılıdır. Bu gün BMT-nin sadəcə olaraq strukturlaşmış iclas təşkilatı olduğunu hamı bəyan edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, BMT-nin hansısa bir qərar qəbul etməsi çağırışdan, qətnamədən başqa bir şey deyil:
“Avropa Birliyi də ancaq iqtisadi fəaliyyət üçün formalaşdığı elan edilmişdi. Təşkilat Avropa üçün çox böyük işlər gördü. AB heç vaxt Avropadan kənar siyasi məsələlərə qarışmağa cəhd etmir. Bununla belə dünya onun dəyişməsini, funksionallığının artmasını tələb edir. Çünki Avropa sıradan bir ərazi deyil. Onun nüfuzundan, qəbul etdiyi qərarlardan çox şey asılıdır. Bu mənada onun da bir çox məsələlərlə bağlı səlahiyyət əldə etməsi arzuolunandır”.
Millət vəkilinə görə, Avropa Birliyinin vaxtaşırı birtərəfli mövqe tutması da narahatlıq doğurur:
“Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışan, böhtan, yalan dolu “qətnamələr” qəbul edir. Amma heç kəs buna görə məsuliyyət daşımır. Bunun nə səbəbdən edildiyini bildirmir. AB-nin özü rəsmiləri də ara-sıra bu regionla bağlı həqiqətə uyğun olmayan bəyanatlar verir. İkiüzlü, işğalçı, başqa dövlətlərin hesabına yaşamağa çalışan Ermənistanı müdafiə edillir”.
Deputat məhz bu kontekstdə həmin təşkilatlarda struktur dəyişikliyi ilə yanaşı təfəkkür, yanaşmaların yenilənməsinin vacibliyini söyləyib:
“İkiüzlü siyasətdən, ikili standartdan əl çəkilməlidir. Dünyanın ən çox əziyyət çəkdiyi məhz ikili standartlardır. Bu baxımdan Azərbaycan, Türkiyə, türk dövlətləri vaxtaşırı olaraq bu məsələlərlə bağlı təkliflərini verib. Təəssüf ki, hələ də nəticə yoxdur”.
Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan hansısa ölkə və beynəlxalq birliyin ölkəmizlə bağlı düzgün qərar verəcəyini gözləmir:
“Hansısa qurumun Azərbaycana qarşı səsləndirdiyi ittihamlar onu düzgün yolundan çəkindirə bilməz. Biz müstəqilliyimizi qətiyyətimizə, ədalətə söykənməyimiz və milli maraqlarımızı qorumağımızla göstəririk. İkili standartlar, yalan və ittihamlar Azərbaycanı müstəqillik yolundan çəkindirə bilməz”.