26 Oktyabr 2023 16:34
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirlərinin imzaladığı müqavilələr də bunu təsdiqləyir. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyanın imzaladığı sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulur. Fransa Ermənistana verəcəyi silahların həcmini kiçik göstərməyə çalışsa da, reallıqda İrəvana daha çox silah tədarük etmək niyyətindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Fransanın Ermənistanı silahlandırmaq niyyətini oktyabr ayının əvvəlində bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı anons etmişdi. Kolonna bildirmişdi ki, Fransa gələcəkdə Ermənistana hərbi texnika verilməsini nəzərdə tutan saziş imzalamağa razılaşıb. Azərbaycan isə rəsmi şəkildə Fransanın bu niyyətinə etiraz etmişdi. Bununla bağlı XİN-nin bəyanatında vurğulanırdı ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.

“Beləliklə, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq məqsədi güdür. Təsadüfi deyil ki, bu yaxınlarda Fransanın silahlı qüvvələr naziri ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bəyan etmişdi. Bununla əlaqədar Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları da rəsmi olaraq təsdiqləndi. Aydın məsələdir ki, Fransa NATO ölkəsidir və Paris NATO ordusunda istifadə olunan silahlarla Ermənistanı təhciz edə bilməz. Lakin Fransa əvəzində özünün istehsalı olan silahlarla Ermənistanı təmin edə bilər. Bunun ardından rəsmi Parisin başqa hədəfləri də var. Rəsmi Paris bu yolla regiona yerləşməyə çalışır. Qafanda konsulluq açmaq niyyəti də buradan qaynaqlanır. Digər tərəfdən, Fransa hərbçilərinin də təlim adı altında Ermənistana göndərilməsi barədə də razılaşma var. Deyəsən, Paris Nigerdən qovulan hərbçilərini kiçik bacısı hesab etdiyi Ermənistana yerləşdirmək istəyir. Bütün hallarda, Fransanın Cənubi Qafqaz regionu üçün təxribatçı planları qəbulolunmazdır. Parisin bu cəhdləri heç bir nəticə verməyəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər