Nikol Paşinyanın son açıqlaması göstərir ki, vəziyyət heç də onun dediyi kimi deyil. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzlanmayıb. Tərəflər arasında ciddi fikir ayrılığı var. Bu isə bir çox məqamlarla bağlıdır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ərazilərin dəqiqləşməsi, sərhədlərin qarşılıqlı tanınması kimi vacib məsələlər həll edilməlidir:
“Sərhədlərin hansı xəritələr üzrə dəiqqləşməsi də müzakirə mövzusudur. Erməni tərəfi isə əsas istiqamət kimi Almatı sazişinə istinad edir”.
Politoloq hesab edir ki, Almatı sazişi ilə bağlı Praqada bəyanat verilib:
“Amma burada söhbət heç də həmin sərhədlərdən getmir. Çünki Almatı sazişində də Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bu saziş isə məhz Qarabağa aiddir”.
Zaur Məmmədova görə, Ermənistan gələcəyə baxmaqdansa, keçmişə nəzərə salır:
“Qarşı tərəf Azərbaycanı bəzi məsələlərdə günahlandırır. Belə olan halda sülh prosesi pozulur. Əgər Ermənistan Azərbaycanla yeni bir səhifə açmaq istəyirsə, bunun üçün bir çox vacib məsələlər həll edilməlidir. İlk öncə erməni tərəfi Azərbaycana qarşı iddialardan, ölkəmizə qarşı aparılan kampaniyalardan imtina edib, səmimi qarşılıqlı münasibətlərdə maraqlı olduğunu nümayiş etdirməlidir”.