8 Noyabr 2023 09:14
4 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən Müharibəsinin başa çatdığı 2020-ci ilin 10 noyabrından sonra, 2023-cü ilin 23 aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin formalaşması ilə ölkə ərazisinə nəzarət bərpa edildi. 2023-cü 19-20 sentyabrında lokal antiterror tədbirləri ilə cəmi 23 saat ərzində suverenliyimiz təmin olundu. Ona görə də, Vətən Müharibəsindən ötən 3 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əsrə bərabər tarix yaşadıq.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, 200 il ərzində Azərbaycan torpaqları erməni mənfurları tərəfindən işğala məruz qalıb: “Nəhayət, 200 ildən sonra Azərbaycan suveren hüquqlarını, sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü bərpa etdi. Xalq olaraq tarixi günlər yaşayırıq. Bəziləri üçün yuxu kimi görünən məsələlər reallığa çevrildi. Bu Azərbaycan Prezidentinin, Ordumuzun, xalqımızın nailiyyətidir. Dəmir yumruq ətrafında birlik nəticəsində buna nail olundu. Bunun üçün iqtisadiyyatımız, Ordumuz gücləndi və Azərbaycanın beynəlxalq siyasi, hüquqi müstəvidə nüfuzu artdı. Məhz Vətən müharibəsinə qədər Prezident İlham Əliyev tərəfindən hər şey ölçülüb-biçildi”.

Komitə sədri 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktına görə, beynəlxalq birlik ona qarşı heç bir qətnamə və qərar qəbul etməməsi faktına diqqət çəkib: “BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlar işğalı pisləyən qərarlar qəbul etsə də işğalçının adı göstərilməyib, təcavüzkara təzyiq və sanksiya tətbiq edilməyib. Amma bu gün münaqişələrə olan fərqli yanaşmalar var. Rusiya-Ukrayna müharibəsində bunu görmək olur. Qərb dövlətləri və təşkilatları Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Ermənistana isə heç bir cəza və sanksiya tətbiq edilməyib. 30 il işğalda saxladığı ərazilərimizdə erməni tərəfi yüz minlərlə mina basdırıb. Onun insanlıq əleyhinə hərbi cinayətləri bu gün də davam edir. Qarabağ və Şərqi Zəngəzur dünyada ən çox minalarla çirklənmiş ərazidir. 10 illiklər boyu bu ərazilərin minalardan təmizlənməsi ilə bağlı işlər görülməlidir. Təəsüf ki, BMT bununla bağlı da heç bir iş görmür. Avropa İttifaqı, Avropa Şurası isə boş-boş danışmaqla məşğuldur”.

Millət vəkili bildirib ki, Qarabağdan lokal antiterror tədbirlərindən sonra könüllü, şəkildə, heç bir təzyiq və zorakılıqla üzləşmədən gedən ermənilərlə bağlı Avropanın qaldırmış olduğu hay-küyün heç bir əsası yoxdur: “Həmin ermənilərin mütləq əksəriyyəti Rusiyadan, Suriyadan, Livandan qanunsuz olaraq Azərbaycan ərazilərində yerləşdirilmişdi. İddia edildiyi kimi buradan heç də 100 min erməni çıxmayıb. Bunlar saxta, yalan məlumatlardır. Sadəcə olaraq bəzi Qərb ölkələri bu yalan məlumatlardan Azərbaycana təzyiq kimi istifadə etməyə çalışır. Xalqımız 30 il bu ikiüzlü siyasətin şahidi olub. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı çətinliklər qarşısında sınmadı və proseslərdən qalib çıxdı. Bundan sonra Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında Dəmir Yumruq kimi birləşərək bütün təzyiqlərin öhdəsindən gələ biləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər