7 Noyabr 2023 20:35
3 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qabil bəy, ötən həftə Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 3 şərtinin razılaşdırıldığını açıqladı. Diqqət çəkən məqam kommunikasiyalara Ermənistanın nəzarət mexanizmlərinin olması idi. Belə çıxır ki, Paşinyan üçtərəfli razılaşma ilə kommunikasiyaları açmağa razı olsa da, nəzarəti Rusiyaya vermək niyyətində deyil...

- Azərbaycan üçün önəmli odur ki, sülh razılaşması üçün kifayət qədər perspektivlər açılır. Bu istiqamətdə konkret mövqe olarsa ilin sonuna kimi sülh müqaviləsi paraflana bilər. Bunun fonunda Ermənistanın üçtərəfli razılaşmanın (10 noyabr 2020-ci il) 9-cu bəndindən imtina etməsində də müəyyən məntiq axtarmaq olar. Paşinyan ərazilərdə Ermənistanın suveren hüquqlarının tətbiq edilməsini əsas gətirərək buradan keçəcək kommunikasiya xətlərinin onlara tabe olmasını istəyir. Rusiyanın da imza atmış olduğu üçtərəfli razılaşmada qeyd edilib ki, Zəngəzur dəhlizinin mühafizəsi Rusiya Sərhəd Qoşunlarına həvalə ediləcək. Buradakı bütün suveren hüquqların Rusiyaya məxsusluğu razılaşmada əksini tapıb. Ona görə də, bu, prinsipial məsələdir.

- Dəhlizin reallaşmasını indiyə qədər yubadan səbəbləri bu amillərlə əsaslandırmaq nə dərəcədə məntiqlidir?

- Əslində uzun müddət erməni tərəfinin Zəngəzur dəhlizi ilə bağlı məsələləri rədd etməsi bununla bağlıdır. İndiki şəraitdə Ermənistan daha açıq formada, ciddi şəkildə Zəngəzur dəhlizi xətti ilə çəkiləcək yolda suveren haqqların Rusiyaya verilməsi faktını qəbul etmir.

- “Ermənistan Bakının son təkliflərini qəbul edərsə, Azərbaycan sülhə hazırdır” açıqlaması verilib. Sizcə, indiki halda sülh üçün hansı maneələr qalıb?

- Hazırkı situasiyada tərəflərin sülhə yaxınlaşdığını söyləmək olar. Çünki ortada hər iki tərəfdən də ciddi siyasi iradə var. Tərəflər sülh müqaviləsini imzalanmasını istəyir. Atalar sözündə deyildiyi ki, qalan işə qar yağar. Ona görə də, hər dəfə bu məsələni təxirə salmaq, vaxtı uzatmaqla problemin içindən problem çıxır. Fakt odur ki, hazırda Cənubi Qafqazda Rusiya ilə Qərbin strateji maraqlarının toqquşması kifayət qədər ciddi problemlər yaradır.

- Sülh müqaviləsinin daha çox hansı müstəvidə imzalanması daha real görünür?

- Qərbin yəni, Brüsselin təklif etdiyi platformada sülh müqaviləsinin imzalanması mümkün görünür. Gec-tez Rusiya da bu faktı məcburi şəkildə qəbul edəcək.

- İki dəfə Qərbin təşkil etdiyi görüşdən imtina edən Azərbaycanın bu paltformada sülh imzalaması nə dərəcədə inandırıcıdır?

- Burada prosesi pozan üçüncü tərəfin, yəni Fransa və Alamaniyanın bu müstəvidəki müzakirələrə qoşulması idi. Eyni zamanda burada sülh razılaşmasına könüllü şəkildə Qarabağı tərk etmiş ermənilərin geri qayıtması məsələsinin əksini tapması amili var idi. Artıq Azərbaycanın bu məsələdəki mövqeyi Brüssel platformasında başa düşülüb. Yəqin ki, bu platforma üzərində sülh müqaviləsinin imzalanması mümkün olacaq. Çünki ermənilərin geri qayıtması ilə bağlı hər hansı bir öhdəliklə bağlı məsələ sülh mətnində yer almayacaq.

- Ermənistanda Qarabağdan çıxarılan qondarma rejimin “qorunub saxlanması” ilə bağlı gərginlik yaranıb. İrəvanda belə bir qurumun olmasını erməni tərəfi milli təhlükəsizlik məsələsi kimi izah edib...

- Azərbaycandan könüllü şəkildə getmiş ermənilər İrəvanda qondarma mühacir hökumət qurmaq istəyirdilər. Ermənistan hakimiyyətinin bu məsələyə soyuq yanaşması və daha sonra bunu rədd etməsi faktı bir çox mətləblərdən xəbər verir. Qondarma hökumətin Ermənistan ərazisində hər hansı bir formada “yaradılması” ilə bağlı atılacaq addım Azərbaycanla mümkün sülh prosesini poza bilər. Eyni zamanda bunun yeni konfiliktlərə və iddialara səbəb olacaq president yaratmaq ehtimalı var idi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər