"Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
"Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur", - dövlət başçısı vurğulayıb.