22 Noyabr 2023 09:05
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Gündəm ABŞ-Azərbaycan gərginliyidir. İndiki situasiyada Amerikanın davranışlarını necə şərh etmək olar, Azərbaycandan nə istəyirlər?

- 44 günlük savaş ABŞ-da seçki dönəminə düşdüyü üçün çox da münasibət sərgilyə bilmədi, passiv qalmalı oldu. Nəhayət, seçki bitdi və Amerika tarixinin ən ermənipərəst administrasiyası hakimiyyət başına gəldi. Co Bayden administrasiyasının 11 hökumət üzvündən 6-sı erməni diasporu ilə bağlı şəxslərdir.

Amerika 2021-ci ilin mayından başlayaraq bölgəyə diqqətini artırmağa başladı, müəyyən məqamlarda vasitəçilik etməyə çalışdı. Həm Ukraynada, həm də Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq siyasətinə başladı. Bu məqsədlə Azərbaycanla Ermənistan arasında vasitəçiliyə səy göstərdi.

Vasitəçilik səyləri çərçivəsində bir neçə dəfə xarici işlər nazirlərini, bir dəfə də liderləri bir araya gətirdilər. Beləliklə, Vaşinqton təşəbbüsü ələ aldı. ABŞ-ın bu il iyulun 15-nə qədərki mövqeyi pozitiv görünürdü, verilən açıqlamalar Vaşinqtonun sülhdə maraqlı olduğu ehtimalını yaradırdı, xüsusən də birbaşa danışıqlar çağırışı edilirdi.

Nə oldusa, iyulun 15-də Brüssel görüşündən sonra Qərbin mövqeyində ciddi dəyişiklik baş verdi. O andan sonra Qarabağ erməniləri Qərbin əsas gündəminə çevrildi, Fransa və Ermənistanın Laçın yolu ilə bağlı oynadıqları “humanitar şou” və BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə dinləmələrə yanaşmasında ABŞ-ın da mövqeyində ciddi dəyişiklik görməyə başladıq. Xüsusən də Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ermənipərəst rəhbəri Samanta Pauerin sentyabrda bölgəyə səfərindən sonra. Həmin ay Senatda keçirilən dinləmələrdə dövlət katibinin köməkçisi Yuri Kim Azərbaycan əleyhinə sərt bəyanat verdi.

Azərbaycanın birgünlük antiterror tədbirlərindən sonra isə Qərb daha da sərtləşdi. Görünən budur ki, Qərb Qarabağ erməniləri üzərindən Azərbaycana təzyiq edərək, bölgədə yerləşməyə çalışır. İndi bu faktor əllərindən alındığı üçün çox qəzəblidirlər, Ermənistana da açıq dəstək verirlər. Qərbin siyasəti belədir ki, hansısa bölgədə yerləşmək istəyirsə, əvvəlcə orada münaqişə ocağı yaradır, sonra ora girir. Hesab edirəm ki, hazırda Cənubi Qafqazla bağlı da eyni proses gedir.

- Bunu hansı məqsədlə etməyə çalışırlar, durub okeanın o tayında bura nə üçün gəlmək istəyirlər?

- ABŞ, Fransa və digər Qərb dövlətləri beynəlxalq ictimai rəy formalaşdırmaqla bölgədə özlərini yer etmək istəyirlər. Bunda da Qarabağdan getmiş ermənilər məsələsi xüsusi yer tutur. Bunun üzərindən elə rəy formalaşdırmağa çalışırlar ki, guya onlar burada etnik təmizləməyə məruz qalıblar. Bunun əsasında hansısa beynəlxalq qərarlar alaraq, Kosovoda olduğu kimi, ABŞ, Fransa və ya Qərbin patronajlığı altında erməniləri Qarabağa qaytarmaq və onların “təhlükəsizliyini təmin etmək” adı altında öz qüvvələrini burada yerləşdirməyə çalışırlar. ABŞ-ın niyyəti budur.

Digər yandan, ABŞ Ermənistan üzərindən bölgədə nüfuzunu artırmağa çalışır. Əlbəttə, bu məsələdə yanındakı dövlət Fransadır. Sanki Amerika həm də Fransaya bir kart-blanş verir, bölgədə Qərbin adından danışmaq imkanı tanıyır.

Amerikanın mövqeyinin sərtləşməsi bir neçə səbəblə bağlı ola bilər. Bunlardan biri təşəbbüsü ələ almaq, Azərbaycanın yaratdığı reallığı qəbul etməyərək, onu təzyiq altında saxlamaqdır. Təsadüfi deyil ki, son üç ildə ABŞ səfiri və ya səfirliyin rəsmi şəxsləri işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya getməyib. Bu, Amerikanın yeni reallığa və Azərbaycana münasibətidir.

Onu da unutmuruq ki, ABŞ 30 illik işğal dövründə keçmiş separatçı-xunta rejiminə milyonlarla dollar dəyərində yardımlar edib. Bu, separatizmi və işğalı dəstəkləmək siyasəti idi. 1992-ci ildə işğala məruz qalmış Azərbaycana qarşı bədnam “907-ci düzəliş”i qəbul etdilər və ölkəmizə yardım olunmadı. Yenidən Ermənistanın müdafiəsi məqsədilə bu düzəlişi geri qaytardılar. Bunlar Amerikanın niyyətlərinin göstəricisidir.

Başqa bir məsələ də odur ki, Amerika Ermənistan üzərindən bölgədə yerləşməyə çalışır, çünki bu, Azərbaycan vasitəsilə mümkün deyil. Bölgədə yerləşməklə həm Azərbaycanı təzyiq altında saxlamağa, həm də Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməyə cəhd edirlər.

Təsadüfi deyil ki, Blinkenin köməkçisi Obrayn Senatdakı dinləmələrdə Ermənistanın şərtləri altında dəhlizin açılması və sülh müqaviləsinin imzalanması şərtini irəli sürdü. O cümlədən Azərbaycanın İranla alternativ yol anlaşmasına qarşı olduğunu bildirdi. Bu, artıq Amerikanın həddini aşmasıdır. Biz Naxçıvanla əlaqəmizi istədiyimiz kimi qura bilərik. Bu, İran ərazisindən də ola bilər, başqa cür də. Bu baxımdan, Amerikanın yanaşması “kobud kovboy” davranışıdır.

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, ciddi gərginliklər olacaq. Xüsusən də nəzərə alsaq ki, ABŞ-da qarşıdan seçki ili gəlir. Qoca Baydenin imkanları ciddi şəkildə azalıb, seçkilərdə ermənilərin səslərinə və maliyyə yardımlarına ehtiyacları var. Ona görə də, Azərbaycana qarşı bu cür addımları və bəyanatları bundan sonra da görəcəyik.

- ABŞ-ın Kosovoda olduğu kimi Qarabağda da yerləşmək cəhdlərinə diqqət çəkdiniz, sizcə, bu ehtimal nə qədər mümkündür?

- Ehtimal kimi danışmaq olar, amma Azərbaycan heç vaxt hansısa ölkənin hərbiləşmiş qüvvəsinin öz ərazisində yerləşməsinə razı olmayacaq. Azərbaycanın antiterror tədbirlərinin monitorinqini aparan BMT missiyası iki dəfə bölgədə olub, ermənilərə qarşı təzyiq və etnik təmizləmə elementlərinin olmadığını açıq formada bəyan etdilər. Bu da Fransa, Amerika və digərlərinin “silahlar”ını əllərindən alır.

Azərbaycan Qarabağdan getmiş və hərbi cinayətlərdə iştirak etməmiş şəxslərin geri dönəmələri üçün şərait yaratdığını bildirib, bununla bağlı portal da fəaliyyət göstərir. Bu baxımdan, Amerikanın belə bir imkanları yoxdur. Bunlar sadəcə bəyanatlardır, təzyiqlər olacaq.

Ermənilərə görə Azərbaycana həmişə təzyiq olub. Əgər 1990-cı illərin sonları – 2000-ci illərin əvvəllərində zəif Azərbaycana edilən təzyiqlər bir nəticə vermədisə, indi daha güclü və əlverişli vəziyyətdə olan Azərbaycana qarşı bu tip təxribatçı təzyiq və avantüralar keçməyəcək. Buna əminəm. ABŞ bölgədə vəziyyəti nə qədər artıracaqsa, bu onun maraqlarına bir o qədər zərər verəcək.

Bu gün dünyada ABŞ-ın timsalında etibarsız tərəfdaş obrazı yaranır. İki il əvvəl Əfqanıstanda qurduğu hökuməti Talibana təhvil verərək biabırçı şəkildə bölgəni tərk edən ABŞ-dan danışırıq. Eyni zamanda, Ukraynada yaratdığı müharibədə Rusiyaya qarşı bu ölkəni yarımçıq dəstəkləyən Amerikadan.

İndi isə bütün bəyanatlara və vədlərə baxmayaraq, artıq Ukrayna məsələsindən geri çəkilmiş kimi görünür. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Konqresdə Ukrayna ilə bağlı məsələ müzakirə olunsa da, heç bir qərar verilmədi, faktiki olaraq, bu ölkəyə yardım dayandırıldı. Bu, Amerikanın əsl mahiyyətini ortaya qoyan məsələdir.

Erməni məsələsinə gəlincə, 200 illik bu layihə artıq dəfn olunub, ciddi bir təsiri olmayacaq.

Amerikanın bir məqsədi də Türkiyə-Azərbaycan ittifaqını zəiflətməkdir. Qərb bu ittifaqın güclənməsini Orta Asiya və Cənubi Qafqaz maraqları baxımından uyğun olmayan hal kimi qəbul edir. Azərbaycan-Türkiyə tandemi Türk Dövlətləri Təşkilatının lokomotividir. Bu iki dövlətin sayəsində türk birliyi getdikcə güclənir, nüfuz qazanır, bu da gələcəkdə Qərbin və ya Amerikanın maraqlarına uyğun olmayan bir durum yarada bilər.

ABŞ türk dünyasının gələcəkdə təsiredici gücə çevrilməsini istəmir, bunu əngəlləməyə çalışırlar. Buna görə də, Orta Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizlərinə nəzarəti ələ keçirmək üçün Azərbaycana qarşı belə təxribatçı addımlar atmağa çalışırlar. Hesab edirəm ki, bunların bir nəticəsi olmayacaq. Çünki bölgədə maraqları olan digər qüvvələr də var, Türkiyə, Çin və Rusiyanı nəzərdə tuturam.

Dünyanın digər yerlərində olduğu kimi, burada da Amerikanın hər istədiyi həyata keçməyəcək. Amerika bölgədə yerləşmək və maraqlarını təmin etmək istəyirsə, Azərbaycanla münasibətləri normal və sivil qaydada qurmalıdır. “Kovboy üsulu” təzyiqlər burada effektini verməyəcək, “bumeranq effekti” yaradacaq. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində Qərbə olan etimad ciddi şəkildə sarsılıb, Amerikaya münasibətdə də eyni tendensiyanı görürük.

- Cənubi Qafqazdakı Qərb-Rusiya çəkişməsi necə bitə bilər? Xüsusən də Qərbi Rusiyaya qarşı öz ərazisində yerləşdirən Ermənistan üçün. Belə bir güc çəkişməsinin Gürcüstan, Moldova, Suriya və Ukraynada nələrə yol açdığını artıq görmüşük.

- Kiçik dövlətlər geosiyasi savaş meydanına çevrilməkdən qaçmalıdır. Amma biz Ermənistanda başqa mənzərəni görürük. Ermənistan rəhbərliyi rəsmən bu prosesdə iştirak edir. Məncə, bunun hansı nəticələrə səbəb olacağını tam hesablamayıblar. Çünki Qərbin verdiyi yağlı vədlər və hərbi texnikaların göndərilməsi, Ermənistanda revanşist duyğuların körüklənməsi bu ölkəyə yaxşı gələcək vəd eləmir.

Hesab edirəm ki, Ermənistanın gələcəyi Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. İki ssenari mümkündür. Birincisi budur ki, hazırda Ukraynanın durumu kifayət qədər mürəkkəb görünür. Kollektiv Qərb və ABŞ-ın Ukraynaya xəyanəti durumu ağırlaşdırdı. Avropa Birliyi də Ukraynaya ciddi dəstəkdən yayınmağa çalışır. Müharibə başlayandan bəri Ukraynanın tələb etdiyi silah-sursat və hərbi texnika ya vaxtında, ya da tam həcmdə verilmir. Ukraynanın tələb etdiyi ortamənzilli raketlər və F-16 təyyarələri indiyədək verilməyib. Bu silahlar verilsəydi, savaşın gedişatında ciddi dönüş ola bilərdi. Yəni Rusiya Ukraynada müəyyən mənada istəklərinə nail olsa və istəklərini davam etdirsə, onda Ermənistanda vəziyyət kifayət qədər gərginləşəcək. Paşinyan hakimiyyətini ağır günlərin gözlədiyini söyləmək olar.

Digər variant fantastik görünə bilər, ehtimalı da olduqca aşağıdır. Hazırki şəraitdə Qərbin Rusiya ilə münasibətləri müəyyən qədər yumşaltdığı görünür. Putinin G-20 sammitində onlayn çıxış edəcəyi ilə bağlı məlumat bunun əlamətlərindən biri sayıla bilər.

Yəni ikinci varianta görə, Ukrayna ilə bağlı istədiklərini alan Rusiya Cənubi Qafqazda müəyyən güzəştə gedə bilər. Bu ehtimal olduqca aşağıdır. Amma bir ehtimal kimi qala bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər