24 Noyabr 2023 08:36
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son üç il müasir Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, peşəkar, qəhrəman əsgər və zabitlərimizin rəşadəti nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Artıq üç ildir ki, Qarabağ və Şərqi Zəngəzur azaddır. Erməni vandalizminə məruz qalan kəndləri, qəsəbə və şəhərləri yenidən qurur, tarixi torpaqlarımızda əbədi yaşamaq üçün qayıdırırq.

Noyabrın 25-də dağlar yurdu Kəlbəcər öz azadlığına qovuşmuşdur. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Baxmayaraq ki, erməni silahlı qüvvələri kəlbəcərliləri öz dədə-baba yurdundan zorla qovulmuşdu, vətəndaşlarımız, xüsusi ilə də qadın, uşaq və yaşlı insanlar işgəncəyə məruz qalmışdı, qətlə yetirilmiş, evlər talan olunmuşdu. Ancaq Azərbaycan bütün bu ağrı -acılara rəğmən yenə də Qarabağı və Şərqi Zəngəzuru da qanunsuz məskunlaşmış ermənilərə, ləyaqətlə davrandı, onlara vaxt verdi. Çünki, burada ermənilər yaşamamışdı. Ərazilərimizin işğalından sonra BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər və digər ərazilərdə erməniləri məskunlaşdırılmasına başlamışdı. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam, Laçın kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil oldu.Beləliklə, noyabrın 25-də 27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi. Bu, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

Kəlbəcər Ermənistanla sərhəd rayondur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Gamışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. Əhalisi 1 yanvar 2020-ci il tarixə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşmışdır.

Ən qədim insan məskənlərindən biri kimi tanınan Kəlbəcərdə mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılmışdır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.

Kəlbəcər dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi - Gəncəsər monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. Gəncəsər kompleksinin xarici divarlarında da Alban patriarxiyası zamanı həkk olunmuş çoxsaylı qədim yazılar da interyerində olan yazılar kimi, erməni vandalizminə məruz qalmışdır.

Dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınan Xudavəng və ya Dədəvəng monastrı Azərbaycan ərazisində ən böyük və gözəl monastırlardan biridir. Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irsi nümunələri erməni kitablarında, “qədim erməni” mədəni irsi, tarixi Ermənistan və erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Bərpa adı altında saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam etdirilmişdir. Xudavəng monastrı Azərbaycan ərazisində vaxtilə mövcud olan Qafqaz Albaniyası dövlətinin gücündən və alban memarlığının zənginliyindən xəbər verir.

Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmışdır. Ümumiyyətlə, Kəlbəcərdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey fəaliyyət göstərmişdir. Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin fondu tamamilə məhv edilmişdir.

Bu zəngin tropaqlarda bitən 4 min adda bitkinin təxminən 200-ü dərman bitkiləridir. Kəlbəcərdə 76 növ mineral, 36 növ süxur olduğu məlumdur. Buna görə də Kəlbəcər həm də geoloqlar tərəfindən “daş xəzinəsi” kimi qəbul edilir. Kəlbəcərdəki geoloji (paleontoloji) obyektlərdəki yarğan və qobularda 40 metrədək hündürlüyü olan sütunvari vulkanik çıxışlar mövcuddur. Bunlar vulkanik süxurlar üçün xarakterikdir. İstisu kəndində “Bazaltın sütunvari aralanması” adlı geoloji abidə yerləşir. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur.Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.

Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara¬lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur idi. İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilmişdir.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalmışdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

İndi Kəlbəcər azaddır, burada nəhəng miqyaslı tikinti işləri aparılır, infrastruktur salınır, Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə burada quruculuq işləri aparılır, təməl qoyma mərasimləri keçirilir. Tezliklər kəlbəcərlilər öz tarixi torpaqlarında əbədi yaşamaq üçün qayıdacaqlar.

Milli Məclisin Komitə sədri,

professor Hicran Hüseynova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər