"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur müəllim, İrəvan davamlı olaraq, bu ilin sonuna qədər Azərbaycanla yekun sülh sazişinin imzalanmasının mümkün olduğunu qabartmağa çalışır. Burada əsas məqsəd nədən ibarətdir?
- İlin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Yay aylarından məlum oldu ki, tərəflərin baxış bucaqlarında ciddi fikir ayrılığı var. Sadəcə olaraq Ermənistan yenə də prosesi manipuliyasiya etməkdə davam edir. Qarabağ problemi artıq arxada qalıb. İndi fərqli bir situasiya var. Amma erməni tərəfi öz ampulasından əl çəkmir.
- Ermənistanın əsas iddiası nə ilə bağlıdır?
- Ermənistan rəsmiləri Azərbaycana torpaq iddialarının olmadığını desələr də, Qarabağda yaşamış ermənilərin hüquq və təhlükəsizliyi, qayıdış məsələsini gündəmə gətirir. Bununla bağlı hansısa bir sənədə əsaslanan yanaşmalar isə sülh müqaviləsi ilə bağlı imkanları xeyli azaldır. Çünki Azərbaycan daxili işlərinə kiminsə müdaxilə etməsinə imkan verməyəcək.
- Paşinyan hakimiyyəti indiki halda “üç prinsip” üzrə yekun sülh sazişinin imzalanmasının mümkünlüyünü gündəmə gətirir. Sizcə, erməni tərəfi hansı prinsiplərdən bəhs edir?
- Delimitasiya və demarkasiya, Zəngəzur dəhlizi məsələsi sülh müzakirələrində qaldırıla bilər. Bu məsələlərin paket şəkilində həlli istənilir. Əgər sülh müqaviləsində delimitasiya məsələsi öz əksini tapması məsələsi var. Çünki burada söhbət delimitasiyanın hansı tarixə uyğun aparılmasından gedir. Paşinyanın da əsas niyyəti 44 günlük müharibədən sonra delimitasiya və demarkasiya məsələsində Ermənistanın istəyini həyata keçirməsidir. Bunu üçün o müxtəlif dairələrdən dəstək almağa çalışır.
- Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşündə bir çox məsələlərdə razılığa gəlinib. Prosesin bu müstəvidə inkişafı sülh üçün nə kimi zəmin formalaşdıra bilər?
- Bu görüşdə konkret nəticələrin əldə edilməsi mümkün deyildi. Çünki proses uzun bir dövrlə bağlıdır. Amma burada kəndlərlə bağlı müəyyən fikir mübadiləsinin olması gözlənilirdi. Anklavların həlli ilə bağlı dünya təcrübəsində bir neçə nümunələr var. Eyni zamanda sərhədlərin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi ilə bağlı irəliyə gedəcək addımların atılması hələ ki proqnozlaşdırılmır.