“Regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatlar sülh sazişinin imzalanması ilə bağlı səylərə xələl gətirir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşündə səsləndirib.
Azərbaycan parlamentinin spikeri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb.
Görüşdə Milli Məclisin sədri beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra olunduğu halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq.
O, xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan işğal altında saxladığı bütün şəhər və rayonlarımızı dağıdıb, talan edib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, otuz ilə yaxın bir dövrdə bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.
O, Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini qeyd edərək vurğulayıb ki, ölkəmiz sülhpərvər siyasət həyata keçirir. Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyir. Ona görə də, işğala məruz qalmış ölkə olmasına baxmayaraq, məhz Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini təqdim edib.