Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq.
Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir: "Bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir. Biz qısa zaman ərzində iş birliyinin yeni müstəviyə keçməsinə nail olacaq”.
T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: “Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”.
YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandum imzalanması gözlənilir: “Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.