5 Dekabr 2023 17:36
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda bütün sahələrdə dayanıqlı inkişaf tendensiyası müşahidə olunur. Yüksək rifahın və dayanıqlı inkişafın təmin edilməsində təhsil həlledici amildir. Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çünki, təhsil hər bir dövlətin gələcəyidir. Azərbaycan dövlətinin təhsilə diqqət və qayğısı ölkədə insan kapitalı kimi çox önəmli milli sərvət yaratmağa hesablanıb. Hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii ehtiyatların bolluğu dövlətin zənginliyinin əsas göstəricisi hesab edilmir. Əvəzində həmin ehtiyatları insan kapitalına çevirməyi bacaran ölkələr güclü və diktə edən tərəf olur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi və ötən üç ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri bunun əyani təzahürüdür. Məhz təbii ehtiyatların insan kapitalının formalaşmasına yönəldilməsi amilini vaxtında dəyərləndirən Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanda təhsilin inkişafı üçün bir neçə qlobal əhəmiyyətli proqram-layihələrə imza atıb. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurda təhsil sahəsində həyata keçirilən layihələri xüsusilə qeyd etməliyik. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir” – deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərində müasir təhsil infrastrukturunun qurulması prioritet istiqamətlərdən biridir: “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında ümumi və məktəbəqədər təhsil müəssisələrinin, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi kimi vacib amillər yer alıb. Həmçinin müvafiq ali təhsil ocaqlarının filiallarının yaradılması, rəqəmsal bilik və bacarıqların artırılması məqsədilə təlimlərin təşkili və s məsələlər prioritet vəzifə kimi qarşıya qoyulub. Bütün bunların reallaşması həmin ərazilərdə, eləcə də bütün ölkəmizdə təhsilin daha da inkişafına əhəmiyyətli töhfə verəcək. Gənclərin vətənpərvərlik ruhunda təlim-tərbiyəsində, müasir elmi biliklərə yiyələnməsində, yüksəkixtisaslı kadr kimi yetişməsində bu mühüm əhəmiyyət kəsb edir”.

Deputat Qarabağ Universitetində ilk mərhələdə 24 ixtisas üzrə tədrisin nəzərdə tutulduğunu söyləyib: “Tədris olunacaq ənənəvi ixtisaslarla yanaşı, həm də yeni ixtisasların da tədrisi nəzərdə tutulur. Bu mənada Qarabağ Universitetinin fəaliyyətə başlaması Azərbaycan təhsil siteminə mühüm töhfə verməklə yanaşı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinə də ciddi təkan olacaq. Vaxtilə Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, intellektual potensialımızın yenidən gücləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi baxımından bu önəmli faktordur”.

Tamam Cəfərova bildirib ki, Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə mühüm töhfələr verib: “Qarabağ Universitetinin yaradılması tarixi ənənələrin bərpası olmaqla bərabər, Azərbaycan ictimai-siyasi fikir tarixində mühüm hadisə kimi yaddaşlarda əbədi qalacaq”.


Müəllif: Tapdıq Qurbanlı