8 Dekabr 2023 10:43
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il noyabrın 10-da Ermənistan 44 günlük müharibədə məğlubiyyətini rəsmiləşdirdikdən - kapitulyasiya aktını imzaladıqdan bir ay sonra Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı XXI əsrin tarixi hərbi paradı hesab olunur. Çünki dünyada baş verən bütün müharibələr arasında Qələbə ilə başa çatan qısamüddətli savaş olmayıb. Bu, yalnız Azərbaycanın Ermənistan üzərindəki şanlı Qələbəsidir. Qələbədən bir ay sonra möhtəşəm Zəfər paradının keçirilməsi də tarixdə nadir hadisələrdəndir. Çünki müharibə həm qalib, həm də məğlub tərəfi əldən salır. Ancaq Azərbaycan isə sanki müharibədən çıxan dövlətə bənzəmirdi və çox qüdrətli görünürdü. Bu, ölkəmizin həm iqtisadi, həm də hərbi gücünün təsdiq idi. Haqq-ədalət, ərazi bütövlüyümüz uğrunda, işğalçı siyasətə qarşı aparılan Vətən müharibəsinin nəticəsi olan bu Qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi və bir yumruq kimi birləşdirdi. Dövlətimizin başçısının dediyi dəmir yumruq kimi. 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı dünyaya səs saldı, Azərbaycanın güclü, qüdrətli dövlət olduğunu beynəlxalq aləmə nümayiş etdirdi.

Teleqraf.com xəbər verir ki,bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Bakının “Azadlıq” meydanında keçirilmiş hərbi paradın xüsusi əhəmiyyət kəsb etdiyini deyən hüquq müdafiəçisi əlavə edib: “Bu, Ermənistana, onun havadarlarına, həmçinin beynəlxalq ictimaiyyətə ciddi mesaj idi. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir” - müdrik fikirləri ölkəmizin hərbi qüdrətini əks etdirirdi. Həmin parada fəxri qonaq qismində dəvət edilmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər də dünyaya “Qarabağ Azərbaycandır!” mesajını verdi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”. İki qardaş ölkə rəhbərinin paradı birgə qəbul etməsi dünya birliyinə Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığının nümayişi barədə verilmiş ciddi mesaj idi. Yeri gəlmişkən, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etmişdi”.

Ç.Qənizadə deyib ki, hərbi paradda diqqət çəkənə əsas məqamlardan biri də Şuşa şəhərinin azad edilməsindən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi oldu.

Komitə sədri müstəqillik tariximizin ilk Zəfər paradının təkcə regionda deyil, bütün dünyada geniş rezonans doğurduğunu, əksər aparıcı nüfuzlu telekanalların, informasiya agentliklərinin, çoxtirajlı qəzetlərin hərbi paradı geniş şəkildə işıqlandırdığını, Zəfər paradının möhtəşəmliyi haqqında ətraflı məlumatlar, süjetlər, məqalələr yer aldığını qeyd edib: “Bu, həm də Azərbaycanın hərbi qüdrətin nümayişi idi. Paradda min nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir daha əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq”.

Zəfər paradının qürurverici anlarından birinin də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət kimi götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi olduğunu deyən Ç.Qənizadə sözlərinə davam edib: “Xüsusilə, Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı. Düşməndən qənimət götürülən silah-sursat, ağır texnika bu gün də Bakının mərkəzində yaradılmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Azərbaycan Ordusunun şanlı Qələbəsinin simvolu olan Hərbi Qənimətlər Parkı Silahlı Qüvvələrimizin gücünün, qüdrətinin əyani göstəricisidir”.

“Zəfər paradı həm işğalçı, məğlub Ermənistana, həm də onun havadarlarına göz dağı oldu. Bu Zəfər həm də yaddaşlara xalqı birləşdirən Zəfər kimi həkk olundu. Tariximizin ən şanlı səhifəsinin - Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi”, - deyə Ç.Qənizadə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər