8 Dekabr 2023 12:33
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi qısa zamanda öz tarixi ata-baba ocağımıza qayıtmaq ümidimizi daha da artırdı. Cənab Prezident həmin görüşdə qayıdış istəyi və hüququnun beynəlxalq müstəvidə reallaşdırılması üçün atılmalı addımlarla bağlı göstərişlər verdi. Çoxlu müzakirələrdən sonra ölkə başçısının təlimatlarını rəhbər tutaraq Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyası hazırladı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O, fəaliyyətin davamı kimi dekabrın 4-5-də Bakıda keçirilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” adlı konfransın mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

“Konfransda dünyanın bir çox ölkələrindən nümayəndələr qatıldı. Maraqlı olan və sevindirici hal budur ki, bizim apardığımız araşdırmalarla xarici ölkə mütəxəssislərinin tədqiqatları hamısı bir qaynağa söykənir. İrəvan qədim Azərbaycan torpağıdır. Erməni millətindən olan nümayəndələrin İrəvana hansı ildə və nə qədər köçürülməsi ilə əlaqədar tədqiqat aparan görkəmli əcnəbi alimlərin də fikirləri bizim apardığımız tədqiqat və qaynaq baxımından eyni nöqtələrə istinad edir. İngiltərə kitabxanaları, Amerika universitetlərində çalışan alimlərin apardığı arxiv araşdırmalarından mənbə kimi istifadə olunub. Erməni xüsusiyyətini ifşa edə biləcək və tarixdə nadir nüsxələri qalan həmin sənədlərin bu konfransa təqdim olunması, nüfuzlu alim və nümayəndələrin çıxışlarında təbliğ etməsi olduqca əhəmiyyətlidir. Sözsüz ki, bütün bunların Ermənistandan didərgin salınmış azərbaycanlıların dinc yolla və ləyaqətlə öz evlərinə qayıtmasında böyük rolu olacaq”.

Məhəmməd İmanlı qeyd edib ki, konfrans beynəlxalq aləmin diqqətinə öz ata-baba yurdlarından çıxarılan soydaşlarımızın insanlıq əleyhinə cinayət nəticəsində dünyanın müxtəlif ölkələrinə səpələndiyini bir daha çatdırdı:

"Bu məsələ artıq təkcə Qərbi Azərbaycandan didərgin düşmüş vətəndaşlarımızın deyil, dünya azərbaycanlılarının bir nömrəli probleminə çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi bu həqiqətləri məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim edəcəyik”.

2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncama toxunan professor vurğulayıb ki, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası region və o cümlədən ölkəmizdə yeni reallıqlar yaradıb:

“Cənab Prezidentın növbəti dəfə Prezident seçkiləri ilə bağlı verdiyi qərar zamanında, çox mühüm məqamda verildi. Çünki Azərbaycan bütövlükdə öz ərazilərini işğaldan azad edib. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bütöv Azərbaycanın yeni prezident seçkilərində iştirak etmək imkanı yaranıb, eləcə də bu, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə də mesajdır. Vətəndaşlığımızı qəbul edən ermənilərin Azərbaycan dövləti ərazisində keçiriləcək Prezident seçkilərində iştirakı konstitusiya hüquqları ilə təmin olunacaq. Birmənalı olaraq cənab Prezident İlham Əliyev qalib gələcək, amma seçki prosesində alternativ də olmalıdır, istəyənlər namizədliyini versinlər, iştirak eləsinlər. Azərbaycan dünya ölkələrinə də göstərir ki, bütün addımlarını öz demokratik, milli və mənəvi dəyərlərini qoruyaraq atır. Dönə-dönə deyirik ki, demokratiya sizin təbirinizcə, istehsal olunan məişət texnikası deyil, seçim xalqa buraxılır, azad və ədalətli seçki üçün şərait yaradılır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər