13 Dekabr 2023 17:23
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülhlə bağlı heç bir əngəl qalmayıb. Artıq Qarabağ deyilən bir məsələ gündəmdə yoxdur. Azərbaycan öz ərazilərini işğaldan azad edib. Bundan sonra həmin mövzunun gündəmə gətirilməsinə imkan verilməyəcək.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Ermənistanın tərkibində Azərbaycanla bağlı bir məsələnin qoyulması nəzərdə tutulmursa, ölkəmizin ərazisində də hansısa bir məsələnin ermənilər üçün imtiyaz, xatırlatma olaraq qeyd edilməsi absurddur” – deyə o qeyd edib.

Partiya sədri hesab edir ki, qaçqınların, ayrı-ayrı köçkünlərin, bu prosesdə 30-40 il öncə yurdundan didərgin düşmüş insanların Ermənistana qayıdışı məsələsi təmin edilməlidir:

“Eyni zamanda buradan getmiş ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, ölkəmizə qayıdışına təminat verilə bilər”.

Fazil Mustafaya görə, burada heç bir problem yoxdur:

“Azərbaycan bunu siyasi bir xətt olaraq elan edib. Ermənistan isə bununla bağlı mövqeyini açıqlamayıb. Erməni tərəfi bunu etsə, qarşılıqlı şəkildə bu məsələ imzalanacaq sülh müqaviləsində nəzərdə tutula bilər. Ona görə də, hazırkı mərhələdə sülh müqaviləsinin imzalanmaması üçün heç bir əsas yoxdur. Bəhanələr getdikcə arxada qalanda məsələ öz həllini tapacaq”.


Müəllif: Tapdıq Qurbanlı