Avropa Birliyinin Ermənistanı silah-sursat və digər hərbi ləvazimatlarla təchizatı ilə bağlı mövqeyi təəssüf doğurur. Bu, AB-nin müəyyən dairələrinin ikili siyasət yürütməsinin nəticəsidir. Onlar Azərbaycanla Ermənistanı sülhə çağırır, hər iki ölkə liderinin görüşlərini təşkil edir, digər yandan isə İrəvanı silahlandırırlar. Həmçinin Ermənistanın işğalçı siyasətinə dəstək verirlər. Ehtiyac olmadan Ermənistan ərazisinə müşahidəçilər göndərir, Azərbaycanla sərhəddə ərazilərimizi daimi diqqətdə saxlayırlar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O bildirib ki, bunlar bir-birinə uyğun gəlməyən məsələlərdir: "Bu, belə bir təsəvvür yaradır ki, regionda gərginliyin azalması, müharibə ehtimalının sıfıra enməsi həmin dairələrin marağında deyil. Onlar ya siyasi, ya da maddi maraq güdür. Silah göndərirlərsə, ölkələrində bu sahəni daha çox təşviq etməyə çalışırlar və bunun lobbiçiliyini edirlər”.
Millət vəkili hesab edir ki, Ermənistanı silahlandırmağa çalışan tərəflər gərginliyin artmasında maraqlıdır:
“Onlar Azərbaycanın bir dövlət kimi inkişaf etməsində, ölkəmizin dünya birliyinə səmərəli inteqrasiya olunmasında maraqlı deyillər. Həmin dairələrin fəaliyyəti Avropa Birliyinin prinsiplərinə uyğun gəlmir. Buna son qoyulmalıdır. Avropa Birliyi həmin dairələrlə məsələni aydınlaşdırıb konkret mövqe sərgiləməlidir”.
Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistanın silahlanmasına ehtiyac yoxdur:
“Verilən silahların pulunun ödənməsi müəmmalıdır. Ermənistanın silahlara ödəyəcək pulu yoxdur. Həmin ölkələr silahların pulunu ödəyəcəksə, nə səbəbdən vətəndaşlarının vergisindən gələn gəliri hərbiləşməyə yönəltdiklərinə aydınlıq gətirməlidir. Regiona sülh lazımdır. Sülhün olması dünyaya təsir edən məsələdir. Bu digər bölgələrdə münaqişələrin dayanmasına ciddi təsir edəcək nümunədir. Bunun fonunda Azərbaycanın etirazlarının ciddi əsasları var. Ermənistan ən müasir silahlarla silahlandırsalar da Azərbaycana qalib gələ bilməyəcək. Azərbaycan torpaqlarını, haqq işini qoruyur. Ermənistanın özündə belə nə səbəbdən onlar 30 il nəticəsi olmayan prosesə dəstək veriblər deyə çox ciddi suallar, araşdırmalar gedir. Müharibənin, separatçılığın onlara nə verdiyi barəsində suallar ünvanlanır. Bu baxımdan da Avropa Birliyinin Cənubi Qafqazla bağlı apardığı siyasətdə müəyyən məqamlar ciddi narahatlıq doğurur”.