25 Dekabr 2023 09:09
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bu gün Azərbaycanı daha da yüksəklərə qaldıra bilmək potensialına malik olan İlham Əliyevi dəstəkləyəcəyəm! Sizləri də onun namizədliyini dəstəkləməyə çağırıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq sədri Rəsul Quliyev lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayına müraciətində bəyan edib.

R.Quliyev bildirib ki, prezident seçkilərinin keçirilməsi ən düzgün və mühüm addımdır: “Prezident İlham Əliyev və onun komandasının apardığı siyasət ölkədə 2024-cü ildən siyasi və iqtisadi reformaların, islahatların başlayacağından xəbər verir. Böyük işlərin astanasında seçkilərin keçirilməsi çox vacibdir, çünki seçilən şəxs xalqın dəstəyini görməli, xalqdan mandat alaraq inamla reformalarını həyata keçirməlidir”.

Onun sözlərinə görə, Prezident Əliyevin həm torpaqlarımızın azad edilməsində, həm Qarabağda tikinti-quruculuq işlərinin aparılmasında böyük rolu danılmazdır. “Bu gün Azərbaycanda heç kimin İlham Əliyevə qalib gəlmək şansı yoxdur” – deyə müraciətdə qeyd edilib.

Gələcək Azərbaycan Partiyası İlham Əliyevin namizədliyi müdafiə edərək, prezident seçkilərinə onun namizədliyi ətrafında birləşməklə getmək haqqında qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər