26 Dekabr 2023 09:23
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Vladimir Putinin bu günlərdə Qarabağla bağlı açıqlaması fonunda Ermənistanda revanşistlərin fəallığı müşahidə olundu. Sizcə, Kreml rəhbərinin indiki məqamda bu məsələni gündəmə gətirməsi nəyə xidmət edir?

- Putinin “ermənilər Qarabağdan gədəndə bizdən soruşmamışdılar” deməsi prosesin Rusiya tərəfindən aparılmadığına işarə edir. Söhbət bunun de-fatko və yaxud rəsmi aparılmasından getmir. Rusiya demək istəyir ki, bizə qarşı ittihamlar olsa da, fakt odur ki, Qarabağ erməniləri özləri gediblər. Bunun izahı məhz bu cürdür. Ona görə də, bu, heç bir şəkildə ermənilərin xeyrinə deyil, əslində onların əleyhinədir. İndiki halda İrəvanda separatçıların rəhbərinin də açıqlamaları onu göstərir ki, onlar orada Rusiyanın təlimatı ilə işləyirlər və buradan da Moskvanın təlimatı ilə gediblər. Moskva isə bu məsələdə “mənim heç bir rolum yoxdur” demək istəyir.

- Sizcə, burada Azərbaycanla bağlı hansı məqamlar var?

- Əslində, Putinin bu sözləri tamamilə Azərbaycanın xeyrinədir. Ona görə də, separatçıların dediyi sözlərin heç bir əhəmiyyəti yoxdur. Həmçinin onların dediyi fikirlərə də fokslanmaq lazım deyil. Çünki Putinin “niyə gediblər” deməsi daha çox əleyhimizə işləyə bilərdi. Söhbət onun nəticəsindən getmir. Ona görə də, Rusiya prezidentinin sözlərini əsas götürmək lazımdır ki, “bəli ermənilər Qarabağdan özləri könüllü gediblər”. Putin də bunu bir daha təsdiq edir.

- Cənubi Qafqazda yeni müharibə riski haqqında yanaşmalar var. Belə bir təhlükə ehtimalını necə dəyərləndirirsiniz?

- Belə bir ehtimalın olduğu haqqında fikirlər səslənir. Qərbin özü üçün bu, ideal bir seçimdir. Amma bununla bağlı alt qatlarda nəsə ciddi bir əsas yoxdur. Görünən odur ki, supergüclər Cənubi Qafqazda bir gərginliyin olacağını gözləyir. Əgər onlar nəsə gözləyirlərsə, demək bunun üçün bir əsas var.

- Azərbaycanla Ermənistan arasında sülhlə bağlı gözləntilər nə yerdədir?

- Bununla bağlı fərqli fikirlər, səslər eşidilir. Ümumiyyətlə, sülhlə bağlı müsbət tendensiyaların olduğu deyilirdi. Bunun Vaşinqton yox, Moskva formatında olacağı ehtimallarından danışırdıq.

- Sülh üçün hansı situasiyanın yetişməsi gözlənilir?

- Bu prosesin sürətlənməsi üçün Rusiyanın əlverişsiz beynəlxalq vəziyyətdə olmasına ehtiyac var. Ukrayna müharibəsinə görə Rusiyanın məruz qaldığı vəziyyətin belə davam etməsi gözlənilir. Vəziyyətin bu cür davamı fonunda Rusiya Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlıqda daha çox maraqlı ola bilər. Bununla da sülh prosesinin daha da tezləşməsi üçün şərait yaranar.


Müəllif: Tapdıq Qurbanlı