Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam mühüm əhəmiyyət kəsb edir. Bu qlobal müstəvidə iqlim dəyişikliliyinə və ekoloji mühitin qorunmasına verilən vacib dəyər hesab edilir. Sözsüz ki, Azərbaycan dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ enerji mənbələri hesabına tələbatın qarşılanması kimi zəruri məsələlərə töhvə verir. Məhz bu kontekstdə yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində ölkəmizin irəli sürdüyü mühüm təşəbbüslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, cənab Prezident tərəfindən atılan növbəti addım qarşıda duran əsas hədəflərin trayektoriyasını göstərir:
“Ölkəmiz dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib olduğunu nümayiş etdirir. İrəli sürülən bu təşəbbüslər ölkəmizin mövqeyinin təzahürü hesab olunur. Ölkə başçısının imzalamış olduğu bu Sərəncam ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətini bir daha gündəmə gətirir”.
Deputat bildirib ki, yaşıl enerji mənbələrinin axtarılması və bu istiqamətdə prioritet hədəflərin müəyyənləşməsi ölkəmizin enerji siyasətinin əsas istiqamətlərini göstərir:
“”Azərbaycan 2030" Milli Prioritetlər sənədində qəbul edilən 5 prioritetdən biri məhz təmiz ətraf mühit və yaşıl artım kimi vacib istiqamətlər öz əksini tapıb. Bu baxımdan da Azərbaycan tərəfindən milli, regional, qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi ilə bağlı vacib addımlar atılır. Ölkəmizin bu təşəbbüsləri iqlim dəyişiklikləri fonunda olduqca önəmli məsələlərdən biridir”.
Millət vəkili Azərbaycanın yaşıl enerji potensialı baxımından əhəmiyyətindən bəhs edib:
“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonası elan olunub. Məhz 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması qlobal müstəvidə müsbət mütərəqqi addım kimi qarşılanıb. Nəzərə almaq lazımdır ki, gələn il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ev sahibliyini edəcək. Azərbaycan dünyada neft-qaz ölkəsi olsa da dövlətimizin qarşısında yaşıl enerji ilə bağlı mühüm hədəfləri var. Çünki yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda dövlətimizin həyata keçirdiyi enerji siyasətinin prioritetini təşkil edir”.